Qurbanlıq qoyunu onlayn almaq şəriətə ziddirmi? - HACI ŞAHİN AÇIQLADI
    • 30-07-2020, 16:21
    • 1 022

Qurbanlıq qoyunu onlayn almaq şəriətə ziddirmi? - HACI ŞAHİN AÇIQLADI

Sabah Azərbaycanda Müqəddəs Qurban bayramı qeyd ediləcək. Pandemiya səbəbindən bu il ötən illərdən fərqli olaraq qurbanlıq ətlərin satışı onlayn qaydada təşkil olunmağa başlanılıb. İnsanlar qurbanlıq heyvan cəmdəyini satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əldə edə biləcəklər. 

Artıq bir neçə gündür ki, supermarketlərdə qurbanlıq ətin satışı ilə bağlı elanlar da veriilir. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, həmin elanlarda heyvanın satışı zamanı içalatın verilməməsi qeyd olunur. 


Məsələn, “Bazarstore”, “Bravo” kimi super-marketlərdə belə elanları görmək mümkündür. Sözügedən marketlərdən News24.az-a bildirilib ki, içalat almaq istəyənlər bunun üçün əlavə ödəniş etməlidirlər. 

Bəs, görəsən, bu dini qaydalara ziddirmi? Dini inanclarda qurban ətinin hər bir hissəsindən qurbanlıq paylara bölüşdürülməsinin vacibliyi vurğulanır. Bu həqiqətən də vacibdirmi? Ümumiyyətlə, karantin qaydaları nəzərə alındığı zaman dini şərtlər pozulmur ki? Bu və digər suallarla bağlı News24.az Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənlidən münasibət öyrənib. 

O qeyd edib ki, pandemiya şəraitində Qurban bayramını bu şəkildə qeyd etmək normaldır: “İndiki şəraitdə karantin rejiminin qaydalarına uyğun şəkildə bayram qeyd olunmalıdır. İnsanların qurban kəsimi zamanı bir araya gəlməsi, kütləvi şəkildə toplaşması yolverilməzdir, bu yoluxmanın sayını artıra bilər. O səbəbdən də alternativ yollar axtarılır. Onlayn qaydada ət sifariş etmək şəriətdə heç bir ziddiyyət təşkil eləmir. Ümumiyyətlə, qeyd edim ki, Qurban kəsmək yalnız Həcc ziyarətində olanlara vacib buyrulub. Digərlərinə isə vacib deyil. Sadəcə olaraq imkanı olan bir kəs bunu etsə, çox bəyənilən bir əməl hesab olunur. Belə bir şəraitdə də qurban kəsilirsə, ehtiyac olan insanlara paylanılan zaman karantin qaydalarına ciddi şəkildə əməl olunmalıdır. İnsanlar yaxın məsfadə bir-birlərilə təmasda olmamalıdır. Evlərdə bayram süfrəsi adı ilə çox sayda insanın bir yerə toplaşması da düzgün deyil”. 

İlahiyyatçı qurbanlıq ət satışı zamanı içalatın verilib-verilməməsi məsələsinə də münasibət bildirib: “Din “içalat mütləq verilməlidir” kimi xüsusi bir qayda qoymur. Burda insanların öz vicdanlarına qalıb. Dinimiz bu məsələdə xüsusi qadağalar tələb etmir. Əlbəttə, əgər market onun pulunu çıxırsa, sonra satırsa bu düzgün deyil. Əgər içalatı verməməyə görə qiymətdə güzəşt olursa, bu olar. Yox, alıcı bütün qiyməti ödəyirsə, sonra o satılırsa, təbii ki, yanlışdır”. 

İlahiyyatçı “Bazarlarda qəssabların “qurban əti satılır” kimi elanlarının verilməsinə, Qurban ətinin tərəziyə qoyulub satılmasının dinimizə uyğun olub-olmaması məsələsinə də münasibət bildirib: “Yaxşı olar ki, insanlar qurbanlıq heyvanların kəsimi prosesində iştirak etsinlər. Təbii ki, gigiyenik qaydalara riayət etməklə. Amma bu il pandemiya dövründə alternativ yollar axtarılır. Əslində bu şəkildə qurban ətinin satılmasında da bir qəbahət yoxdur. Yenə də deyirəm, Qurban həcc ziyarətində vacibdir. Digər hallarda insanlar müxtəlif şəkildə bunu edə bilərlər. Bir insan hazır kəsilmiş quirban ətini də paylasa, onun da savabı öz yerində qalır. Bir qəbahəti yoxdur, din burda bir məhdudiyyət qoymur. Təbii ki, Həcc ziyarəti zamanı Qurbanın kəsilməsi şərtdir. Həcdə olmayan insanlar Qurban ətini alaraq da paylaya bilərlər. İstər indiki şərairtdə, istər digər vaxtlarda”. 

Hacı Şahin "Qurban kəsilərkən duaların oxunması vacibdimi? sualını da cavablandırıb: “Qurban kəsilərkən dua oxumaq vacib deyil. Burda vacib şərt Allahın adının çəkilməsidir. “Bismillahir rəhmanir rəhim” deyilməsi vacibdir. Bu adi ət kəsimi zamanı da vacibdir. Digər dualar da var, amma onların oxunması vacib deyil. Şəriətimizdə belə bir hökm də var ki, müsəlmanın bazardan alınan ətin “Bismillahla” kəsilib-kəsilməməsini araşdırması lazım deyil. Əgər biri onu eləməyibsə, kəsən şəxs məsuliyyəti özü daşıyır. Bir müsəlman bazara gedib, əti ala bilər. Məsuliyyət qurbanı kəsən şəxsin boynunda qalır”. 

Afaq Mirayiq