Serbiya prezidenti Ermənistana verilən silahlara görə təəssüfləndiyini bildirib
    • 7-08-2020, 14:30
    • 981

Serbiya prezidenti Ermənistana verilən silahlara görə təəssüfləndiyini bildirib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Azərbaycanın hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.

News24.az xəbər verir ki, dövlət başçısı başsağlığını avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı çatdırıb.

Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.