“Qarabağ yatağında iki ildən sonra ilk neft-qaz çıxarılmalıdır” - Prezident
    • 10-08-2020, 17:19
    • 831

“Qarabağ yatağında iki ildən sonra ilk neft-qaz çıxarılmalıdır” - Prezident

“Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir: “Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır”.