Hikmət Hacıyev: “Belə çıxır ki, bu, Ermənistanın deyil, Soros fondundan pul alan Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır”
    • 12-08-2020, 14:51
    • 666

Hikmət Hacıyev: “Belə çıxır ki, bu, Ermənistanın deyil, Soros fondundan pul alan Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır”

“Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib.

H. Hacıyev qeyd edib ki, sənəddə erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir: “Ermənistan baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi, Bəs indi hardadır. Səhralarla örtülüb” sitatında cəmləşmişdir. Bu düşüncə ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçuların heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur. Bəlkə də Ermənistandan başqa heç bir ölkənin milli təhlükəsizlik strategiyasında şeir yer almamışdır”.

H. Hacıyevin sözlərinə görə, sənəddə “məxməri inqilab”a toxunulur və onun yeni standartlar müəyyən etdiyi bildirilir: “Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinad sənədin formatına uyğun deyil və məntiqsizdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir. Yəni, konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalıdır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və “məxməri inqilab”a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik olaraq artıq etibarsız olacaq. Belə təəssürat yaranır ki, bu, Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş “inqilab” nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır”.