"Gələcəkdə bu qiymətlər OLMAYACAQ" – Mənzil bazarında SON VƏZİYYƏT – MÜSAHİBƏ
    • 17-08-2020, 11:09
    • 2 388

"Gələcəkdə bu qiymətlər OLMAYACAQ" – Mənzil bazarında SON VƏZİYYƏT – MÜSAHİBƏ


“İndi sözün əsil mənasında mənzil almağa dəyər. Çünki gələcəkdə bu qiymətləri bir daha görməyə bilərik”.

Bunu News24.az-a müsahibəsində mənzil bazarındakı son vəziyyəti təhlil edən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspertlə müsahibəni təqdim edirik.

- İlkin mənzil bazarında vəziyyət necədir?

- İlkin mənzil bazarında yeni tikililərlə bağlı qiymətlər stabil olaraq qalıb. Qiymətlərdə böyük endirim yoxdur. Yeni tikili olan bəzi binalar endirim kampaniyaları etsələr də, bu, böyük fərq yaratmır. Yəni buraya 10% civarında olan endirimləri qeyd edə bilərik. Xüsusilə, pandemiya ilə əlaqədar olaraq satışlar demək olar ki, azalıb. Əvvəlki dövrlərlə müqayisədə satışlarda 20%-ə qədər azalma var. Amma tələbat yüksək olduğundan bu faizi biz qiymətlərin aşağı düşməsində müşahidə edə bilmirik. Bu gün kvadratmetri 1500 manata satılan yeni tikililərdə bəzən kampaniyalar aparırlar. Söhbət 450 və ya 350 manat kimi məbləğlərdən gedir. Amma bu, konkret layihələr üzrə həyata keçirilmir. 

Keçən illə müqayisədə alışla bağlı bu il əhali daha çox yeni tikililərə üz tutub. Kvadratmetri orta olaraq Bakı şəhəri üzrə götürsək, qiymətlər 1600-1800 manat ətrafında dəyişir. Rayonlar üzrə qiymətlər müxtəlifdir. Bu gün bazarda satışlar 1 kvadratmetr üzə 900 manatdan başlayaraq, 2500 manata qədər artır. Aşağı qiymətlərə olanlar daha çox Yasamal, Binəqədi və Xətainin bəzi hissələrində var. Amma Nərimanovda yeni tikililərin 1 kvadratmerinin qiyməti 1500-1600, Nəsimidə isə 1500-2000 manat təşkil edir. Bahalı ərazi kimi, yenə də Nefçilər prospekti qalır. Nefçilər prospektində və şəhərin elit səviyyəli binalarında 1 kvadratmetr üzrə dəyəri 2000-2500-dən yuxarı qiymətlər təklif olunmaqdadır. 

- Təkrar mənzil bazarında qiymətlər nə yerdədir?

- Təkrar mənzil bazarında qiymətlərin çox ucuzlaşmasını müşahidə etmirik. 2-5% ətrafında cüzi dəyişiklikləri deyə bilərik. İpoteka kreditləşməsi olduğu üçün satışlar az da olsa, həyata keçirilir. İpoteka Fondu tərəfindən kiçik də olsa dövlət strukturlarında çalışanlara kredit vəsaitləri verildiyi üçün onlar bu kreditlərdən bəhrələnirlər. Bu il təkrar mənzil bazarında bir otaqlı mənzillər minimum 42 min manatdan başlayaraq, 55-60 min manat arası dəyişir. İki otaqlılar 60 min manatdan başlayaraq, 90 min manata qədər davam edir. 90 min manata olanlar isə xüsusi layihəli binalardır. Üç otaqlılar 80 min manatdan başlayaraq, 120-130 min manata qədər artır. Dörd otaqlılar 90 min manatdan başlayaraq, 150 min manata qədər çatır. 

- Kirayə mənzil bazarında vəziyyəti dəyərləndirərdiniz (qiymətlər, bazara təsir edən faktorlar).


- Kirayə mənzil bazarında da karantinlə bağlı olaraq qiymətlər çox cüzi dəyişib. Yumşalmalarla əlaqədar olaraq Bakıda işləyib, rayonda yaşayan vətəndaşlarımız artıq öz evlərinə qayıdıblar. Keçən illə müqayisə etsək, qiymət dəyişikliklərinin olduğunu deyə bilərik. Məsələn, 300 manata təklif olunan mənzillər bu il 250 manata təklif olunur. Bu məbləğlər əvvəllər tələbin çoxalması ilə əlaqədar artmışdı. Ancaq tələb aşağı düşdüyü üçün qiymətlər də aşağı düşüb. 

Kirayə mənzil bazarında bir otaqlı bina mənzilləri 200 manatdan başlayaraq, 300-350 manat arası dəyişir. İki otaqlılar 250 manatdan başlayaraq, 400 manata qədər artır. Üç otaqlılar 350 manatdan başlayaraq, 600-700 manat arasına qədər təklif edilir. Qeyd edim ki, bəzi təmirsiz mənzillər 300 manata təklif olunur. Həyət evlərində isə qiymətlər təxminən 120 manatdan başlayaraq, otaq sayı və şəraitindən asılı olaraq, 1000 manata qədər qalxır. Pandemiya ilə əlaqədar olaraq bağ evlərində tələb yüksək olaraq qalır. Amma bağ evlərində əvvəlki kimi, bahalaşma yoxdur. Artıq mövsümün sonu olduğu üçün əvvəlki kimi, yüksək qiymətlərə kirayə təklif edə bilmirlər. Yəni orada da şəraitindən asılı olaraq, 1000 manatdan başlayaraq, 8 min manata qədər təkliflər var. 

- Hazırda mənzil almaq sərfəlidirmi?

- Hazırda bazarda qiymətlər aşağıdır. Bundan da aşağı düşməsi üçün çox vacib, mühüm amillər olmalıdır. Bura müharibə kimi amilləri qeyd edə bilərik. İndi sözün əsil mənasında mənzil almağa dəyər. Çünki gələcəkdə bu qiymətləri bir daha görməyə bilərik. Bunu isə şərtləndirən amillər var. Azərbaycanda təxminən 60-80 min arasında ailə qurulur. Tikilən, inşa edilən evlərin sayı isə bu rəqəmlərin yarısına belə çatmır. 

Potensial olaraq hər il bazara 3-40 min evsiz ailə daxil olur. Bu da mənzillərin qiymətlərinə təsir göstərir. Tikinti bazarında əvvəlki dövrlə müqayisədə binalar az tikilir. Tikilən mənzillərdə adətən proses bahalaşma, stabilləşmə və azca ucuzlaşma tempində olur. Daha sonra isə anidən qiymətlər qalxır. Biz bunu 2004 və 2008-də müşahidə etmişik. Stabilləşmə olduqdan sonra sıçrayışlı artım olur. Bu da bazarda qiymət artımının reallığa çevrilməsi ilə bağlıdır. Pandemiya olmasaydı, gözlənilən bu idi ki, qiymət artımı olsun. İlin sonuna kimi də bu, baş verə bilər. 

- Kirayə, ilkin və təkrar mənzil bazarı ilə bağlı proqnoz necədir?

- Bizdə kirayə mənzil bazarında təklif çox yüksəkdir. Qiymətlərin daha da enəcəyini gözləmirəm. İlkin mənzil bazarında binalar o qədər də çox tikilmir. Söküntü də əvvəlki illərlə müqayisədə azdır. Bu baxımdan hesab edirəm ki, qiymətlər ən yaxşı halda stabil qalacaq. Köhnə mənzillərə isə hər zaman tələbat yüksək olduğu üçün və ipoteka kreditləşməsi davam etdiyi üçün qiymətin azalacağını gözləmirəm. Mövsümü keçdiyimiz üçün həmişə payız və yazda qiymət dəyişikliklərinin şahidi oluruq. Güman edirəm ki, pandemiya yox olsa, bahalaşma ilə üzləşəcəyik.