Gizirin xanımını şantaj edənin CƏZASI AĞIR OLDU - Müşfiq Abbasov yazır
    • 17-08-2020, 11:52
    • 2 167

Gizirin xanımını şantaj edənin CƏZASI AĞIR OLDU - Müşfiq Abbasov yazır

İndi bəhs edəcəyim məsələ insanın öz səhvindən dolayı əziyyət çəkməsinə bir nümunədir. Bu hadisə Naftalanda baş verib. Burda yerləşən hərbi hissədə Akif adında gizir xidmət edirdi. Əslən Masallı rayonundan olan Akif öz ailəsini də Naftalana gətirmişdi. Şəhərin mərkəzindəki beşmərtəbəli binada mənzil kirayələyib xanımı və azyaşlı oğlu ilə orada yaşayırdı. Hərbi xidmətdən anlayışı olanlar bilir ki, gizirlər həftədə bir neçə dəfə evə gəlirlər. Akif də günlərinin çoxunu postda keçirirdi. Xanımı Aysel də öz yerlisi idi. Günlər beləcə davam edirdi. 

Aysel qonşuluqda yaşayan Nurlana adlı qadınla rəfiqəlik edirdi. Ərindən boşanmış Nurlana zamanla Ayseli də ailəsindən soyudur və yaxınlıqda yaşayan Natiq adlı oğlanın ondan xoşu gəldiyini bildirir. Nurlana günlərlə Ayselin beynini doldurur. Ayselin razılığından sonra onun mobil nömrəsini Natiqə verir. Natiq tufeyli həyat tərzi sürürdü, narkotik istifadəçi idi. Aysel günlərlə Natiqlə telefonla danışırdı.

Bir müddətdən sonra Natiq Ayselin qabağına iki şərt qoyur: Ya onunla yatmalı, ya da 1000 manat pul verməlidir, əks halda onun mesajlarını ərinə göstərəcəyi ilə hədələyir. Sanki yuxuda olan Aysel ayılır. Natiqə yazdığı mesajları ondan almaq üçün gizlincə öz qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürür və Natiqə verir. Pulu alan Natiq mesajları siləcəyini bildirsə də, bunu etmir. Bir neçə gündən sonra o, eyni tələblə Ayselə zəng edir. Aysel məcbur olub bu barədə onları tanış edən Nurlanaya deyir. Nurlana isə ona məsləhət edir ki, pul verməkdənsə bir dəfə Natiqlə yatıb canını qurtarsın. Lakin Aysel bununla razılaşmır. Bu dəfə də o, Nurlananın vasitəsilə bir qadından sələmə 500 manat götürüb Natiqə verir. Lakin Natiqin dayanmaq fikri yoxdur. O, tez-tez Ayselə zəng edib yenə mesajları ərinə göstərəcəyi ilə hədələyir. Bu təhdidlər hətta Ayseli intihar həddinə gətirib çıxarır. Nəhayət, bir gün Natiq Ayselə zəng edir və telefonu təsadüfən əri Akif götürür. Harınlamış Natiq ondan telefonu Ayselə verməyi tələb edir. Akif onun əri olduğunu bildirsə də, Natiq buna əhəmiyyət vermir və onun arvadı ilə danışmaq istədiyini deyib Akifi söyür. Akif də onu təhqir edərək telefonu söndürür. Arvadından bu barədə soruşduqda Aysel həmin şəxsi tanımadığını deyir.

Həmin gün axşam saatlarında Akif hərbi hissədən evə qayıdanda Natiq özü kimi bir neçə nəfərlə onun qabağını kəsir və telefondakı söyüşə görə mübahisə eləməyə başlayır. Mübahisə əlbəyaxa davaya keçir və Natiq dostları ilə birlikdə Akifi döyməyə başlayır. Onların dalaşdığını görən başqa insanlar ətraflarına yığılıb davaya tamaşa edirlər. Onların arasında 11-ci sinifdə oxuyan Mikayıl adlı bir oğlan da olur. Natiqə və onun 3-4 dostuna gücü çatmayan Akif üzərində olan bıçağı çıxarır. Onun əlində bıçaq olduğunu görən Natiq və dostları qaçırlar. Bu vaxt qorxduğuna görə Mikayıl da qaçır. Üz-gözü qan içində olan Akif bilmədən Mikayılın ardınca düşür və arxadan ona çataraq bıçaqla kürəyindən vurur. Buna baxmayaraq, Mikayıl qaçıb evlərinə gedir. Evə çatan kimi huşunu itirib yerə yıxılır. Valideynləri dərhal onu həkimə aparırlar. Bıçaq onun ağciyərini zədələyir. Həkimlərin səyi ilə Mikayıl həyatda qalır, amma uzun müddət müalicə alır. Dərhal hərbi prokurorluq tərəfindən cinayət işi qaldırılır və gizir Akif həbs olunur. Həmin işi aparan müstəntiq məzuniyyətə getdiyinə görə cinayət işinin istintaqı mənə tapşırıldı. Yuxarıda göstərdiyim faktların hamısını istintaqla sübut etdikdən sonra Natiqi və dostlarını həbs etdim. Təsadüfən bıçaq yarası almış Mikayıla və onun valideynlərinə isə həqiqəti danışdım. Onlar məsələnin mahiyyətini bildikdən sonra Akifdən şikayətçi olmadılar. Və nəhayət, Akifin taleyi ilə bağlı həmin vaxt mənim qarnizon prokurorum hərbi prokurora məruzə etdi. Prokurorun köməyi ilə Akifi həbsdən azad etdim. 

Məhkəmə qərarı ilə Natiq 7 il, dostları isə 1 il müddətinə azadlıqdan məhrum edildilər. Akifə isə 3 il şərti azadlıqdan məhrum etmə cəzası verildi. Akif həyat yoldaşı barəsində həqiqətləri bildi. Lakin son anda arvadının ona xəyanət etmədiyini görüb onunla ailə həyatını davam etdirdi. Aysel etdiyi səhvin nəticələrini çox ağır formada ödədi. (Adlar şərtidir)

Müşfiq Abbasov