“Beş ildir boşanmışam, sevdiyim xanımla evlənməyə haqqım çatır” - QURD İLK DƏFƏ DANIŞDI - VİDEOMÜSAHİBƏ
    • 20-08-2020, 17:45
    • 1 465

“Beş ildir boşanmışam, sevdiyim xanımla evlənməyə haqqım çatır” - QURD İLK DƏFƏ DANIŞDI - VİDEOMÜSAHİBƏ

Bəzilərinə "Fərid Eminov kimdir" sualını versəniz, tanımaz. Amma "Qurd" deyən kimi söhbətin kimdən getdiyini bilirlər.
 
"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminovun News24.az-a müsahibəsini təqdim edirik: 


 - COVİD-19 pandemiyası dövrü artıq ayalrdır ki, həyatımızı arzuolunmaz duruma gətirib çxıarıb. Sözsüz, hər sahənin təmsilçisinə bu durum fərqli təsir edib. Xüsusən də şou-biznes, daha doğrusu çörəyi toy-büsatdan çıxan sənətçilər üçün. 

- Əlbəttə ki, bu müddət ərzində işsiz qaldıq. Restoranlar, konsertlər, şou-proqramlar olmayandan sonra bizim qazancımız da olmur. Bu, dövlət tərəfindən qoyulan bir qanundur, onu poza bilmərik. Gərək, hər birimiz qaydalara tabe olaq. 
 
- Bəs, gündəlik xərcləri necə ödəmisiniz?  

- Bir çox insanlar düşünürlər ki, biz sənətçilər çox asanlıqla pul qazanırıq, amma bu qətiyyən belə deyil. Çətinliklə əldə etdiyimiz məbləği də bu dövrdə xərclədik. Bir sözlə, sildik-süpürdük. Amma bununla yanaşı, bir-iki reklam müqavilələrim oldu. Düzdür, yaşamaq üçün yetərli deyil, amma yenə də heç olmamasından daha yaxşıdır. Onu da deyim ki, bir il öncə mən çox böyük və məşhur şirkətlərin birində mühəndis, hətta şöbə müdiri vəzifəsində çalışmışam, amma ordan ayrılanda bilmirdim ki, pandemiya olacaq. Ona görə də insanların ixtisara düşdüyü bir vaxtda mənim iş axtarmağım düzgün çıxmazdı. Bir növ haqsızlıq olardı. 

- Niyə məhz "Qurd"?  

- 2002-ci ildə Miri Yusif bu ləqəbi mənə verib. O zamanlar “Dəyirman” qrupunun “Qurd” adlı albomları da var idi. Çox sağ olsun Miri Yusif hər zaman mənə dəstək olub, hətta deyərdim ki, müəllimim olub. Amma indiki dövrdə şou-biznesdə çaqqal, tülkü, şir, pələng, əjdaha var, mən də canavarlar qrupunun qurduyam. 



- Təxəllüs seçməyinizə səbəb öz adınızla tanına bilməmək qorxusu oldu? 

- Adımdan çəkinmirəm, sadəcə olaraq xaricdə bütün reperlər özlərinə ləqəb götürürlər, eyni ilə də mən. Ləqəb tanınmaq üçün mütləqdir. Əvvələr toyda tamada məni təqdim edəndə bir çoxları qorxurdu, amma indi fəxr edirlər. Yəni “Qurd”u artıq brend kimi tanıtdırmışıq. Bu ləqəb artıq qorxu yox, yalnız şirinlik və musiqi anlamı daşıyır.  

- Dediniz ki, Miri Yusifi özünüzə müəllim kimi seçib örnək götürmüsünüz. Müəlliminiz hazırda Xalq artistidir. Bu haqda nə düşünürsünüz? 

- Mənə elə gəlir ki, Xalq artisti fəxri adının verilməsində sərhəd olmamalıdır. Məsələn, bu reperdir, caz ifaçısıdır, ya da xanəndədir. Zənnimcə, əsl Xalq artisti xalqın sevimlisi olmalıdır. Düzdür, bir çox qocaman sənətçilərimiz deyir ki, reperdən Xalq artisti olmaz. Niyə? Mən onun xüsusi qayda-qanunlarını bilmirəm, amma düşünürəm ki, onu camaat sevirsə o, bu ada layiq görülməlidir. Amma bir məqamı da vurğulayım. Bəzən görürsən ki, sosial şəbəkədə bir sənətçini cəmi 200 nəfər izləyir, amma o, ya Xalq, ya da Əməkdar artist adına layiq görülür. Mən isə belə şeyləri anlaya bilmirəm. Bu haqda danışanda deyirlər ki, o, sənətçilər daha çox iş görüb ölkəmizi xaricdə layiqli şəkildə təmsil ediblər. Onları bəyəm xalq seçib? Xeyr. Çünki, insanlar heç onları tanımırlar.  

- Mahnılarınızda rep janrı bir o qədər də hiss olunmur. Yəni, ənənəvi repdən uzaqsınız... 

- Mənim üstünlük verdiyim alternativ repdir. İfalarımı milliləşdirmişəm. Reperturamda fərqli mahnılarım var. Ümumən düstur belə olmalıdır – gördüyün iş sənə mütləq şəkildə pul qazandırmalıdır. Ya əlində ikinci işin olmalıdır, ya da ki, müvvəqqəti sənətlə məşğul olub itəcəksən. Bir çox reperlər də məhz ona görə bu sahədən çıxıb getdilər və tamamilə başqa sahə ilə məşğul olmağa başladılar. Biri Amerikaya, digəri Fransaya qaçıb getdi, heç adları belə yaddaşlarda qalmadı. Mən pulsuz konsert edə bilmərəm, çünki sənətim üçün kifayət qədər sərmayə yatırmışam və yatırıram da. Mənim etdiyim işlər daha çox satış üçün nəzərdə tutulub. Yəni evdə düzəldib 200 nəfərin dinləməsi üçün deyil. 


- Bəs, gənc reperlərdən kimlərisə dinləyib bəyənirsiniz?

- Xüsusi olaraq kimisə dinləyib bəyənmirəm. Ancaq bəziləri ilə şəxsi tanışlığım var. Hər birinə uğurlar arzu edirəm, amma məncə, onların da etdiyi musiqi növü böyük kütlənin dinləyəcəyi deyil. Onların konsertinə maksimum 5.000 adam gələ bilər, mahnılarını isə 100.000 insan dinləyə bilər.  

- Həmkarlarınızla batllarda iştirak etmək arzunuz var?  

- Xeyr. Düşünürəm ki, artıq o, statusa malik deyiləm. Məncə, bu işlə gənclər məşğul olsa daha məqsədəuyğun olar. Mənim kiməsə sözüm olanda, onunla ya görüşərəm, ya da telefonla əlaqə saxlayaram. Yəni, səhnə dava yeri deyil. Kiməsə sözüm olanda dəstəyi açaram və deyərəm ki, gəl söhbətimizi edək. Ya dalaşacağıq, ya da barışacağıq.  

- Zamanında mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirlə bir layihəniz var idi. Niyə onun ardı gəlmədi? 

- Ölümünə təqribi bir ay qalmış Hüseynlə görüşdüm. Ona dedim ki, sənin köhnə mahnılarından birini oxumaq istəyirəm. Sağ olsun, razılığını verdi. Düşünmürdüm ki, belə bir hadisə ola bilər. Sonra məsuliyyətsizlik elədim mahnının arxasına düşmədim. Bir aydan sonra da Hüseyn rəhmətə getdi. Dəfndə ailə üzvləri ilə danışdım və dedim ki, Hüseyn mahnının razılığını verib. Onlar da razı olandan sonra oxudum. Bir müddət keçəndən sonra telekanalların birində Hüseynə həsr olunmuş veriliş hazırlandı. Qonaqlar arasında Cahangir də var idi. Mən mahnını oxudum, Hüseynin yerlərini isə Cahangir ifa elədi. Çox maraqlı alındı, amma layihə deyildi. Bilirsiniz, depressiya insanları məhv edir. Hüseyn də depressiyanın qurbanı oldu. Çünki, çox həyatsevər, mərd insan idi. O, kiminləsə danışanda, elə ürəklə söhbət edirdi ki, sanki sənlə dalaşır.  

- Onun acınacaqlı günlərinin şahidi olmusunuz? 

- Yalnız bəzilərinin. Gərək həyatda çox diqqətli olasan, heç kimə inanmayasan, onların sözü ilə oturub-durmayasan. Məncə həm Hüseyn Dəryanı, həm də Anar Nağılbazı ictimai qınaq olmasaydı xilas etmək olardı.  

- Bu yaxınlarda nişanlandınız. Nişanlınız şahmat qrossmeysteri Şəhriyar Məmmədyarovun baldızıdır. Onunla daha öncə tanışlığınız var idi?

- Şəhriyar bizim fəxrimizdir, amma əvvəllər onunla tanış deyildim. Ümumiyyətlə, şahmatla maraqlanmamışam, hətta idmançıların adlarını qarışdırırdım. Qismət elə gətirdi ki, bacanaq olduq. O, çox gözəl insan, ata, dost, yoldaşdır. Fəxr edirəm ki, onunla qohum oldum.  

- Nişanlınızla harda tanış olmusunuz? 

- Tədbirlərin birində tanış olduq. O da musiqiçidir.   

- Mətbuatda keçmiş həyat yoldaşınıza xəyanət etməyinizlə bağlı xəbərlər çox yazılıb. Yazılanlar həqiqəti əks etdirirmi? 

- Mən beş il öncə boşanmışam, iki oğlum var. Övladlarımla çox gözəl münasibətim var. Məncə, beş ildən sonra yenidən ailə həyatı qura bilərəm. Buna hüququm çatır. Bəziləri sosial şəbəkədə yazırlar ki, “buna bax həyat yoldaşına xəyanət etdi, iki uşağını qoyub çıxıb getdi başqası ilə nişanlandı”. Amma elə bir şey yoxdur.  

 
- Çox cəsarətli klipləriniz var... 

- Bəli. Daha çox qızlarla çəkilirəm. Neyləyim oğlanlarla çəkilim? (gülür) Hovuz kənarında qızı kürkdə çəkə bilmərəm axı. Onu da deyim ki, bəzən telekanallar kliplərimi yayımlamırlar. Bu da normal haldır. Olub ki, ATV, XƏZƏR TV kliplərimi verməyib. Mənim işlərim daha çox “Youtube” üçün nəzərdə tutulub. 

- Bəzən deyirlər ki, “Youtube”un trendində ancaq bayağı ifalar yer alır. Bununla razısınızmı? 

- Heç kimin musiqisini pis adlandıra bilmərəm. Çünki, bu birbaşa o insana və dinləyicisinə qarşı hörmətsizlikdir. Heç bir musiqi bayağı deyil. Onu özündən razı müğənnilər deyə bilər. Azərbaycan üzrə “Youtube” platformasında düşünüldüyü qədər böyük pullar yoxdur. Əgər kimsə deyirsə ki, burda minlərlə pul qazanıb inanın ki, o, insan sizə yalan danışır. Yalanı da örtmək üçün cürbə-cür sübutları masaya yatıracaq. Məsələn, bizdə üç aya 3.000 dollar qazanmaq olar. Buna hardasa inanaram, amma ondan çox yox.  

- Bəzi insanlar düşünür ki, reperə, meyxanaçıya təb gətirən bir vasitə var. Siz belə şeylərdən istifadə edirsiniz? 

- Narkotik vasitələrdən yox, amma spirtli içki qəbul edirəm. Məclislərdə, tədbirlərdə içki içə bilərəm. İnsanların daxilində təb özü yaranır. Sadəcə bəzən insanlar bundan motivasiya əldə edir, bu da onların şəxsi işidir. İnanın ki, indiki zəmanədə bir çox reperlər müğənnilərdən yaxşıdır. Onlarla söhbət edəndə elə bilirsən ki, bir zadəganla danışırlar. Çox gözəl ailələri və tərbiyələri var. Müğənnilərki bədahətən söz demirlər, amma vəziyyətləri reperlərdən qat-qat pisdir. Narkotik vasitə əyləncədən xəstəliyə keçir. Biz cavan olanda valideynlərimizdə repə qarşı bir nifrət var idi, onu da keçmiş aqressiv reperlər yaradıblar. Mən indi valideynlərimi anlayıram. Əgər oğlumun dinlədiyi tərzin ifaçısı narkotikanı təbliğ edirsə, təbii ki, ona bunu icazə vermərəm. Bizim nəsil isə o anlayışı silə bildi. İnsanlar artıq anladılar ki, rep o qədər də təhlükəli bir şey deyilmiş. Hətta toylarına belə bizi dəvət etməyə başladılar. 


- "Maşın şou"da sizin Aysunla sevgili olduğunuz haqda dedi-qodular yayılmışdı. Hazırda münasibətiniz necədir? 

- Çox gözəl. Bu söhbətlər sadəcə mahnının PR üçün idi. Yəni, şou idi. Hələ də bəziləri düşünür ki, biz sevgiliyik, amma elə deyil. Biz dostuq, hətta həyatında olan insanı da tanıyıram. 

Sevda Bayramova
VİDEO - FOTO: Adil Ağayev