Fazil Mustafa: "Vətəndaş haqlı olaraq deyir ki, VƏZİFƏLİ ŞƏXS ƏMƏL ETMİRSƏ...
    • 22-08-2020, 12:04
    • 1 158

Fazil Mustafa: "Vətəndaş haqlı olaraq deyir ki, VƏZİFƏLİ ŞƏXS ƏMƏL ETMİRSƏ..."

“Hər kəs karantin qaydalarına əməl etməlidir. Məlum məsələ isə hüquqi məsuliyyət yaradır”.

Bu fikirləri News24.az-a açıqlamasında R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsində qızına keçirdiyi mərasimə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F. Mustafa bildirib ki, karantin qaydalarına əməl etmək hər kəsin borcudur:

“Ölkədə karantin qaydalarının hökm sürdüyü bir vaxtda hər hansı bir tədbir və ya mərasim qapalı məkanda keçirilirsə, bu, karantin qaydalarının pozulmasıdır. Operativ Qərargahın qəbul etdiyi qərarlara xüsusi olaraq ictimai-siyasi mühitdə müəyyən vəzifə tutan şəxslərin əməl etməsi ona görə vacibdir ki, sadə vətəndaşlar bu məsələdə narahatlığını dilə gətirməsinlər. Vətəndaşlar vəzifəli şəxslərdən daha nümunəvi addımlar gözləyir və haqlıdırlar. 

Deputat vurğulayıb ki, karantin qaydalarını pozmağa heç kimin imtiyazı yoxdur: “Bu məsələdə daha məsuliyyətli davranmaq lazım idi. Hər kəs qaydalara bərabər şəkildə əməl etməlidir. Qapalı məkanda hər hansı bir tədbirin bu formada keçirilməsi və mətbuatda yayılması cəmiyyətdə yaxşı əhvali-ruhiyyə yaratmır. Çünki biz dəfələrlə müraciət edirik ki, hamı qaydalara riayət etsin. Artıq sıravi vətəndaşların ixtiyarı var desin ki, vəzifəli şəxslər əməl etmirsə, bizə niyə çağırış edirsiniz? Bu baxımdan bizim çağırışlarımızın da əhəmiyyəti azalmağa başlayıb. Hər kəs karantin qaydalarına əməl etməlidir. Məlum məsələ isə hüquqi məsuliyyət yaradır”. 

Məhərrəm Əliyev