Karton evdə yaşayan ailələrə torpaq sahəsi hədiyyə edildi
    • 9-10-2018, 13:25
    • 1 026

Karton evdə yaşayan ailələrə torpaq sahəsi hədiyyə edildi

Bildiyiniz kimi, bir müddət əvvəl News24.az  yay-qış karton evdə yaşayan iki ailə  haqqında məlumat  verərək, onlar üçün  yardım kompaniyası başlatmışdı.

Sağ olsunlar gözəl insanları, səsimizə səs verdilər, laqeyd qalmadılar. Məqalə dərcə gedən gündən təkcə ölkəmizdən deyil, sərhədlərin o tayında yaşayan soydaşlarımız da zəng edib dəstək olmaq istədiklərini bildirdilər. Amerikadan, Ukraynadan, Hollandiyadan, Türkiyədən zənglər aldıq. Kimisi aylıq kirayələrini ödəmək istədiyini, kimisi də şəxsi evlərində, ailənin təmənnasız qala biləcəklərini deyir.

 İnsanların bu ailələrə qarşı bu qədər diqqətli olması, kömək etməsi bizi çox sevindirir. Lakin, onlara ən vacib, ən lazım olan yayın istisindən, qışın soyuğundan qoruna biləcəkləri, özlərinə aid şəxsi evlərinin olmasıdır. 

Bu günlərdə Nardaranda yaşayan bir ailə bizi çox sevindirdi. Bu gənc, xeyirxah ailə, redaksiyamıza zəng edərək Nardaranda yerləşən həyətlərindən kəsərək hər ailəyə 3 sot torpaq sahəsi hədiyyə etmək istədiklərini bildirdi. Gedib ailəylə tanış olduq. Dini inancları çox güclü olan ər-arvad bu addımı Allah sevgisi ilə atdıqlarını, savaba girmək istədikləri üçün etdiklərini dedilər. Maraqlıdır ki, bu onların ilk xeyriyyə əməli deyil. Ailə bu günə qədər düz 5 nəfər imkansız gənc ailəyə yardım edib. torpaq sahəsi bağışlayıb. "Hətta imkanınız varsa, gəlin yataqxana kimi bir bina inşa edin, imkanı olmayanlar, evi-eşiyi olmayanlar üçün sığınacaq olsun, Bizim də əlimizdən bu gəlir"-deyə ailə başçısı Əli bəy bildirdi.

 Nə deyək. Necə təşəkkür edək. Ürəyi bir mələk ürəyi qədər təmiz olan bu insanların qarşısında baş əyirik.
 Hazırda torpaq sahəsinin sənədləşməsi ilə bağlı işlər davam edir. Ümid edirik, el birliyi, əl birliyi ilə iki ailənin yuvasını quracağıq. Axı el bir olsa dağ oynadar yerindən. Onlar normal həyat şəraiti ilə təmin olunar, bizim də vicdanımız çox böyük rahatlıq tapar.

Bu qış o körpə balaların isti ocaqlarının başında otura bilmələri üçün, yardım kampaniyamıza siz də qoşulun!

//news24.az