Balıqların kütləvi məhvinin qarşısı alınıb - FOTO - VİDEO
    • 9-10-2018, 13:51
    • 1 030

Balıqların kütləvi məhvinin qarşısı alınıb - FOTO - VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, İdarənin Brakonyerliyə qarşı Mübarizə Bölməsinin, ərazi qurumlarının əməkdaşları tərəfindən cari il oktyabrın 4-5-də keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində  qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan  şəxslər saxlanılıb. Bu şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də Su Nəqliyyatında Polis İdarəsində aparılan araşdırma zamanı onların yalan söylədikləri məlum olub. Araşdırmalar zamanı o da müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqrandan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.  Araşdırmaların nəticəsindən asılı olaraq hər üç şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlər görüləcək. İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına və dənizdə olan bəzi digər qanun pozuntularına qarşı reydlər davam etdirilir. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.