Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi
    • 19-09-2020, 13:47
    • 711

Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi

Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.

Bu barədə News24.az-a Yevlax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.

Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib:

“Yevlaxda fəaliyyət göstərən tibb ocağında işlənmiş tibbi vasitələr xəstəxananın ərazisinə atılaraq üfünət, təhlükə yaratmışdı. Məhz pandemiya dövründə bu cür hadisənin baş verməsi ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdu. Ərazinin antisanitar vəziyyətdə qalmasına səbəb isə xəstəxananın Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi idi. Məsələ mediada işıqlandırıldıqdan sonra problem öz həllini tapdı. Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, təhlükə saçan yer dezinfeksiya edilib".

"Artıq bir neçə ay idi ki, sözügedən xəstəxana idarə ilə müqavilə bağlamaqdan imtina etsə də, ərazi əməkdaşlarımız tərəfindən işin dəyəri ödənilmədən təmizlənirdi. Yalnız son 15 gündür ki, ərazi təmizlənmədiyindən orada tullantı yığını çoxalaraq riskli vəziyyət yaratmışdı”, - məlumatda bildirilib.