Haqqımız olanı almaq üçün BU YOLDAYIQ - İŞIQLI GÜNLƏR VƏ QARABAĞ NAMİNƏ... - VİDEO
    • 29-09-2020, 15:26
    • 805

Haqqımız olanı almaq üçün BU YOLDAYIQ - İŞIQLI GÜNLƏR VƏ QARABAĞ NAMİNƏ... - VİDEO

Hadisənin içərisində olmaq və kənardan müşahidə etmək arasında fərq böyükdür. Adətən biz hadisələrin sonunda gedişatı dərk edir və ya anlayırıq. Bugünkü döyüş – Qarabağ uğrunda müharibə nə vaxtsa reallaşmalı və bu savaşın bir nöqtəsi olmalı idi. Çünki işğal olunan bizim topraqlarımızdır, bizim ərazimizdir. İllərdir səbr edirik. Biz səbr etdikcə, Ermənistan “belə də olmalıdır” düşüncəsinə qapılırdı. 

Hərdən cəmiyyətdə bəzi kosmopolitlərin fikirləri məndə təəccüb hissi doğurur. Pafosdan kənar bir-iki nüansı qeyd edim. Müharibənin olmamasını şüurlu insanların heç biri istəmir. Amma istisna hallar var. Biz daim düşmən təcavüzünə məruz qalan, danışıqlara cəlb etməyə çalışan və sülhə dəvət edən tərəf olmuşuq. Sən müharibə istəmədikcə, düşmənin ayağı daha da yer alır və yaşadığın evə belə göz tikə biləcək mərhələyə çatır. Düşmən Ermənistandırsa, bunu onlardan gözləmək təəccüblü bir hal olmamalıdır. Bundan əlavə, müharibədən əvvəl müharibəyə qarşı çıxa bilərsiniz. Bu, sizin şəxsi düşüncənizdir. Amma indiki halda ruh düşkünlüyü yaratmağınız onların həyati riskini artırır. 

Bu ərəfədə analara, bacılara, gəlinlərə böyük məsuliyyət düşür. Bəli, düz anladınız. Yola saldığınız yaxınlarınız, doğmalarınız sizin son baxışlarınızı ağlında saxlayaraq döyüşə gedir. Başa düşürəm, heç kim gülərək, sevinərək əsgər yola salmır. Bunu etmək bəlkə də məntiqsiz olar. Məsələn, dünən anam ciddi-ciddi deyir kaş sizin yerinizə mən gedim döyüşə... Ancaq yenə də çalışın doğmalarınızı ümidlə yola salın. Möhkəm olmalarını və hər şeyin yaxşı olacağını izah edin. Sizin ümidsiz yola saldığınız əsgərlərin döyüş motivasiyası aşağı olur. 

Bir şeyi dərk etməliyik ki, müharibənin qalib tərəfi olmur. Amma məğlub tərəfi olur. Məğlub tərəf olmamaq və minimum itkilərlə bu məsələnin yekunlaşması üçün əlimizdən gələni etməliyik. Görünən budur ki, insanımız, vətəndaşımız bu günü gözləyirmiş. Könüllü döyüşə getdiyi üçün sevinən minlərlə insan var. Bu sevinc torpaq itirən insanımızda illərdir yığılan həsrətin təzahürüdür. Üstünlüyümüz də məhz bu psixologiyadan irəli gəlir. 

Biz haqqımız olanı almaq üçün bu yoldayıq və faktiki reallıq onu göstərir ki, "işıqlı günlər" uzaqda deyil. 

Zəfər bizimlədir, Azərbaycan əsgəri! 

Məhərrəm Əliyev