Əməkhaqları ilə bağlı islahatlar paketi hazırlanır
    • 10-10-2018, 13:15
    • 850

Əməkhaqları ilə bağlı islahatlar paketi hazırlanır

Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı verdiyi anonslardan biri də əməkhaqları ilə bağlıdır.
M.Cabbarov qeyd edib ki, hazırlanan dəyişikliklər sırasında əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması məsələsi xüsusi yer tutur:
“Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur. Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq”.

Nazirin dediklərindən belə anlaşılır ki:
1. Əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti veriləcək;
2. Bu güzəşt yalnız qeyri-neft sektoruna aid ediləcək;
3. Vahid inzibatçılıq tətbiq ediləcək.

Məsələ ilə bağlı  danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, dövlət başçısının tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması ilə bağlı islahatlar paketi hazırlanır:
“Vergilər naziri Mikayıl Cabbarov da öz çıxışında bu məsələyə toxundu. Qeyri-leqal əməkhaqları və kölgə iqtisadiyyatı ilə mübarizədə yeni yanaşmalara və təşviq mexanizmlərinə ehtiyac var. Vergi dərəcələri həm də təşviqedici olacaq. İqtisadiyyatın inkişafı üçün əhatəli uçot və haqlı rəqabət mühitinin əhatəsi genişlənəcək”.
 
Deputatq eyd edib ki, yeni dəyişiklilər və innovativ metodlar sahibkarlığın inkişafında mühüm rol oynayacaq.

//Modern.az