Politoloq: Ermənistan Azərbaycan tərəfindən ərazisinə düşəcək raketi HƏVƏSLƏ GÖZLƏYİR – BU SƏBƏBƏ GÖRƏ…
    • 7-10-2020, 14:45
    • 879

Politoloq: Ermənistan Azərbaycan tərəfindən ərazisinə düşəcək raketi HƏVƏSLƏ GÖZLƏYİR – BU SƏBƏBƏ GÖRƏ…

“Ermənistan kənar müdaxilələrin olması üçün əlindən gələni edir”.

Bunu News24.az-a açıqlamasında Qarabağ müharibəsini təhlil edən politoloq Natiq Miri deyib. 

“Cəzasızlıq mühiti Ermənistanı arxayınlaşdırır” 

Politoloq bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı humanitar cinayəti ona görə baş verir ki, bu günə qədər qarşı tərəfə cəza nöqteyi-nəzərindən heç bir sanksiya və ya ciddi xəbərdarlıq tətbiq olunmayıb:

“Bu proses 27 ildir ki, davam edir. Hər şeydən öncə ortada bir işğal faktı var. 1992-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə var. Bu qətnamədə qeyd-şərtsiz Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması tələb olunur. Maraqlıdır ki, o gündən bu günə heç bir beynəlxalq təşkilat Ermənistandan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin dərhal icra olunmasını tələb etməyib. İşğalın adekvat forması, qarşılığı işğalçının dərhal ərazini tərk etməsidir. Bu, beynəlxalq hüququn gərəyi olan müddəadır. Bunu təkcə Azərbaycan tərəfi tələb etmir. 


Özünü seperatçı rejimin rəhbəri kimi adlandıran Araik Arutyunyan çox cəsarətlə Azərbaycanın bundan sonra da mülki obyektlərinin vurulması məsuliyyətini öz üzərinə götürür. Hansı ki, bu, beynəlxalq cəza məhkəməsində insanlıq əleyhinə görülən ən ağır cinayətdir. Belə faktlarla bağlı dünya miqyasında, beynəlxalq təşkilatlar tərəfindən ömürlük həbs olunan insanlar var. Çox maraqlıdır ki, Ermənistana münasibətdə bu məsələlər çox rahatlıqla gözardı edilir. Çünki Ermənistan hələ də türk dünyasına qarşı aktiv olan geosiyasi alətdir. Ermənistanın geosiyasi alət kimi fəaliyyət göstərməsində maraqlı olan güc mərkəzləri var: Rusiya, Avropa İttifaqı, ABŞ, İran və Yaxın Şərqdə özünü müsəlman sayan bəzi ərəb ölkələri. Məhz bu cür mühit və vəziyyət Ermənistanı hərbi insanlıq əleyhinə cinayətlərə sövq edir”. 

“Ermənistanın Azərbaycanın mülki obyektlərini vurması məqsədlidir” 

N. Miri vurğulayıb ki, Ermənistan seperatçılarının mülki insanlarımıza qarşı cinayətinə adekvat cavab verilməlidir: “Ancaq bundan öncə Azərbaycan bütün cinayət faktlarının sənədlərini toplayıb, beynəlxalq təşkilatlara təqdim etməli, daha sonra ultimatum formasında bəyan etməlidir ki, əgər yenə də müharibə sərhədlərində olmayan mülki strateji obyektlərə və şəhərlərə qarşı Ermənistan bir də artilleriya atəşindən istifadə edərsə, Azərbaycan adekvat olaraq artıq Qarabağ çərçivəsində deyil, Ermənistanın sərhədləri çərçivəsində bütün strateji obyektləri vurmaq hüququnu özündə saxlayır. 


Ermənistanda da elektrik stansiyaları var. Xüsusilə də atom elektrik stansiyasını qeyd etməliyəm. Bir çox infrastrukturlar var ki, Azərbaycan onları çox rahatlıqla Naxçıvandan vurub zərərsizləşdirməklə bir neçə saat ərzində Ermənistanı iflic edə bilər. Söhbət konkret mülki obyektlərin, insanların yaşayış məskənləri deyil, strateji obyektlərin vurulmasından gedir. Azərbaycan artıq bu yöndə qəti addımlar atmalıdır. Bunu reallaşdırandan sonra Qarabağda havanın nə qədər pis olmasından asılı olmayaraq, Azərbaycan Ordusu əməliyyatların sürətini artırmalıdır”. 

“Ermənistan Rusiya və Türkiyəni qarşı-qarşıya qoymaq istəyir”

Politoloqun sözlərinə görə, Azərbaycan soyuq məntiqlə hərəkət etməlidir: “Rusiyanın Ermənistana verdiyi ballistik raketlər var ki, Mingəçeviri, Gəncəni, Bakını, Abşeronu və bir çox rayonlarımızı çox rahatlıqla vurmaq mümkündür. Ermənistandakı cinayətkar rejim bu cür məsələlərdən çəkinməyəcək. Təklif etmirəm ki, dərhal Ermənistan ərazisi vurulsun. Çünki Ermənistan ərazisi vurularsa, bu, onlara bəhanə yaradacaq və maraqlarına xidmət edən addım olacaq. Ermənistan dərhal üçüncü və ya dördüncü tərəfin prosesə müdaxiləsini istəyir. Bununla da Rusiya və Türkiyəni qarşı-qarşıya qoymaqla bütövlükdə məsələnin əhatə dairəsini genişlədib, bu əməliyyatları dayandırmaq istəyir. 


Azərbaycan hələ ki, yalnız legitim hərbi hədəflərdən danışa bilər. Bunun üçün Azərbaycanın qırıcı təyyarələri, silahlı pilotsuz aparatları mövcuddur. Həmçinin Azərbaycanın da ballistik raketləri var. Dəqiq zərbələrlə legitim hərbi hədəfləri və obyektləri zərərsizləşdirə bilər. Bir neçə strateji obyekt zərərsizləşdirilərsə, Ermənistan düşünmək məcburiyyətində qalacaq. Həmçinin qeyd edim ki, Xankəndindəki hökumət binası yerlə yeksan edilməlidir. 

Bütün bu məsələlər beynəlxalq səviyyədəki xəbərdarlıqdan sonra icra olunmalıdır ki, sabah Azərbaycanı ittiham etmək üçün zəmin yeri qalmasın”. 

Məhərrəm Əliyev