Ombudsman: Gəncə terroruna münasibətdə dünya ikili standartlar tətbiq edir
    • 17-10-2020, 12:43
    • 600

Ombudsman: Gəncə terroruna münasibətdə dünya ikili standartlar tətbiq edir

“Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib: “Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil. Milli İnsan Hüquqları institutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar institutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, onlarla şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.