BƏŞƏRİYYƏTİN ƏCƏL ZƏNGİ -Pişik sevgisi, bakteriya qırğını
    • 12-10-2018, 19:00
    • 2 988

BƏŞƏRİYYƏTİN ƏCƏL ZƏNGİ -Pişik sevgisi, bakteriya qırğını

Elm adamları sözün həqiqi mənasında həyəcan təbili çalır: kəşf edilməsi yüz illərlə sürmüş, penisilin adıyla dünyaya gəlmiş antibiotiklər nəsli artıq heç bir effekt vermir, bakteriyalar onları daha vecinə almır, yeni tərkibli antibiotiklər isə o zərərli mikroorqanizmlərin şəraitə daha da uyğunlaşmasını sürətləndirir. Bir zamanlar bəşəriyyətin xilası kimi qəbul edilən antibiotiklər bu gün bəşəriyyətin əcəl zənginə çevrilir! Antibiotiklərə qarşı etibarlı müdafiə qılafı qura bilmiş bakteriyalar daha da güclənərək insanla nəhəng savaşa başlayıb. Və bu gün o bakteriyaların hədəfə aldığı ilk obyekt isə məhz insanın intellektidir!
Bəli-bəli, intellekt!
Ümumdünya Səhiyyə Təşkilatı da bunu açıq deyir: Bəşəriyyət çox yox, bir neçə il sonra bakteriyalarla savaşda məğlub olacaq! Bakteriyalar artıq antibiotiklərlə savaşdan qalib çıxıb, lap az sonra isə bu kimyəvi dərmanlar öz hakimiyyətini tamamilə onlara verməyə məcbur olacaq!
Bu gedişlə bir gün insanlar mikroorqanizmlərin hücumuna müqavimət göstərə bilməyəcək, Yer kürəsi zombi-ləndə çevriləcək — o gün isə elə də uzaqda deyil, — alimlər xəbərdarlıq edir.
Bu o deməkdir ki, antibiotiklər tamamilə öz təsir gücünü itirdiyi halda evolyusiyanın çarxları geri dönməmək şərtilə əksinə, ibtidaiyə doğru fırlanmağa başlayacaq.
Elmə görə, hər bir insanın orqanizmində 2 kilo bakteriya yaşayır, trilyonlarla birhüceyrəli bütün orqanizm sisteminin funksionallığını təmin edir. Onlardan bəziləri bizdən öz maraqları üçün yararlanır, bəzilərisə hər an bizi həyatdan məhrum etmək üçün çalışır.
Taksoplazma paraziti haqda çoxunun az da olsa, bilgisi var. İnsan, sadəcə, taksoplazma parazitinin daşıyıcısıdır, onların yaşadığı mühit isə ev pişiklərinin mədəsidir. Bu parazitə yoluxmaq ana bətnində olan döllər və körpələr üçün son dərəcə təhlükəlidir. Taksoplazmoz sinir sistemi və baş-beyində fəlakətli dəyişikliklərə səbəb olur. Alimlər deyir ki, bu parazitə yoluxanlara pişik sidiyi xoş gəlməyə başlayır, onlarda pişiklərə sonsuz maraq yaranır, harda pişik olsa, ora can atırlar, sanki pişiklər onları cəzb edir. Çoxları bilmir ki, bu sevimli ev heyvanlarının daxilində yaşayan parazitlər necə təhlükəlidir, insanları hansı risklərlə üz-üzə qoyur və onları hətta intihara məcbur edirlər. Bəli, məhz intihara! Məhz məcbur edirlər!
Hələ xeyli əvvəlki yazımda bir gün alimlərin intiharla bağlı sirri kəşf edəcəyini, intihar səbəbinin hansısa yoluxucu parazit olduğunu ortaya çıxaracaqlarını yazmışdım. Buyur, bu da sənə həmin kəşf!
Biologiya elmləri doktoru Yuri Simakova görə, parazitə yoluxanlarda qəribə pişik sevgisi yaranır, bir dəfə pişik saxlayan şəxs sonra heç cür onlardan ayrıla bilmir, imkan olarsa, hətta onlarla pişik saxlamağa çalışır, çünki onlara pişiyin qoxusu xoş gəlir, ürəklərində pişik sevgisi aşıb-daşır. Nəticədə isə insanda riskə aşırı meyillilik yaranır.
ABŞ-ın Stenford universitetində aparılan araşdırmalar gösrtərib ki, həmin parazitlər insan beyninin məhz qorxu və həzzə cavabdeh olan sahələrinə yoluxur. Beyni taksopolazmaya yoluxdurulmuş siçanlar üzərində aparılan təcrübənin nəticəsi də dəhşətlidir. Parazitlər siçanların beynində ölümcül dəyişməyə səbəb olur, onlar öz balalarının qoxusuna doğru qaçmaq əvəzinə pişik qoxusuna doğru qaçır və ölürlər. Taksoplazmanın insana təsiri isə daha mürəkkəbdir və buna görə də daha qorxuludur.
Son çağlara kimi elm hesab edirdi ki, yetkin insanlarda taksoplazmanın mövcudluğu heç bir təhlükə yaratmır, ancaq qəfildən alimlər qəribə tendensiya müşahidə etdilər. Məlum oldu ki, məhz bu parazitə yoluxan insanlar yoluxmayanlardan yüz dəfələrlə artıq mənasız və sarsaq risklər edirlər, cahil hərəkətlər, dəngüş-düngüş davranışlar əsasən bu adamlarda müşahidə edilir, avtoqəzaların da çoxunun səbəbkarı bu parazitə yoluxanlardı. Hələ bu da hamısı deyil, araşdırmalara görə, taksoplazma insanda şizofreniyaya səbəb olur.
Bu yerdə bir haşiyə çıxmağa məcburam – yaxından tanıdığım bir neçə pişik xəstəsində şizofreniyanın ən aydın əlamətlərini, intihara meylliliyi görmüşəm.
Elm bu sualı verir, doğrudanmı parazit yoluxduğu adamı bütün bunlara məcbur edir?
Dünya infeksionistlərinin statistikası göstərir ki, taksoplazma ilə yoluxma ildən-ilə daha kütləvi hal alır. Bakteriya hərfən bəşəriyyəti ələ keçirir. Artıq Yerdə elə bir ölkə qalmayıb ki, əhalisi taksoplazmanın daşıyıcısına çevrilməsin. Statistikaya görə, bu amansız parazit Cənubi Amerika və Yaxın Şərq ölkələrində əhalinin 70 faizinin, yaxın Rusiyada isə 20 faizinin orqanizmində yaşayır.
Bəs insanları bu dəhşətli parazitlərin uğratdığı mənəvi-intellektual deqradasiyadan xilas etmək mümkündürmü?
Başqa planetlərə köçmək, letargiya yuxuları, sperm bankının yaradılması?
Təəssüf ki, elm hər üç ssenari üzrə aparılmış araşdırmalara əsasən, onların uğur gətirəcəyinə inanmır. Aparılan təcrübələr nikbin olmağa heç bir əsas vermir. Ətraf mühitin insanlar tərəfindən amansızlıqla məhv edilməsi bəşəriyyəti yenidən meymun səviyyəsinə qaytarır. Hətta bəzi alimlər parazitlərin insan intellektini hədəfə almasını bir az mübaliğəli olsa da, onunla əsaslandırır ki, bakteriyalar məhz dünyanı xilas etmək üçün hərəkətə keçiblər. Ki, insanın öz intellekti ilə Yer kürəsində həyatı məhv etməsinin qarşısını alsınlar.
İnsanlıq öz dağıdıcılığından əl çəkəcəkmi? Təəssüf ki, bu, qətiyyən inandırıcı görünmür. Ondan başqa isə heç bir çıxış yolu yoxdur…

Pərviz Cəbrayıl