Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
    • 29-10-2020, 14:04
    • 818

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombalardan istifadə etməklə Bərdənin ardıcıl iki gün atəşə tutulması nəticəsində baş vermiş insan tələfatı və vurulmuş zərərlə bağlı yerində araşdırma aparmaq üçün faktaraşdırıcı missiya çərçivəsində Bərdə şəhərindədir.

Bu barədə News24.az-a Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda təəssüflə qeyd edilir ki, 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobudscasına pozan Ermənistan tərəfindən oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket hücumu nəticəsində biri uşaq olmaqla, 5 sakin həlak olub, 13 mülki şəxs isə yaralanıb:

"Səhəri gün oktyabrın 28-də saat 13 radələrində yenidən Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində ticarət obyektlərinin yerləşməsi səbəbindən dinc sakinlərin daha sıx hərəkətdə olduğu mərkəzi ərazisinə raket zərbələri endirilməsi nəticəsində 20 nəfər həlak olub, 70 şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və bir çox nəqliyyat vasitələrinə külli miqdarda ziyan vurulub.

Bununla da müharibə və terror cinayətləri törətməkdə davam edən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli IV Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozub.

Ombudsman Səbinə Əliyeva Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirib. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanılıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq".