-
- Dünən, 21:42
- 221
Həcc ziyarətindən sonra ehsan verilməlidirmi? — İlahiyyatçı açıqladı
Müqəddəs yerləri ziyarət edib qayıdandan sonra ehsan, məclis verilməsi ölkəmizdə geniş yayılıb. Bir çoxları bu ənənəyə sadiq qalaraq qohumları, dostları ilə bir süfrə ətrafında yığışmağı sevir. Həcc, Kərbəla, Məşhəd kimi müqəddəs yerlərdən qayıdan zəvvarların ziyarətinə qohumlar, dostlar yığılır, onların söhbətlərini dinləyirlər.
İlahiyyatçı Ağa Hacıbəyli açıqlamasında deyib ki, müqəddəs yerləri ziyarət edib geri qayıdan insanların onları ziyarətə gələn yaxınları üçün məclis verməsi dinimizə görə vacib, fərz deyil:
“Bu sadəcə gözəl bir adətdir. Uzaq səfərdən geri dönmüş, müqəddəs yerdən bir çox dəyərlərlə qayıtmış insanı ziyarət etmək qohum-əqrəbanın, dostların etdiyi gözəl əməllərdən sayılır. Təbii ki, ziyarət edilən insanın evinə gələnlərə hədiyyələr verməsi, ehsan verərək kasıblara əl tutması, ehtiyac içində olan qonşularına, tanışlarına kömək etməsi savab əməldir. Amma bu, əmr və ya hökm deyil. Niyyətlərimizlə əməllərimizi gözəlləşdirə bilərik. Ziyarətimizi belə əməllərlə sona çatdırmaq, eyni zamanda israfçılığa yol verməmək gözəl olardı”./demokrat.az