Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirilib
    • 20-11-2020, 16:21
    • 708

Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirilib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç ilə görüşüb.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olaraq ölkə daxilində və xaricində fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət Mərkəzlərinin fəaliyyətinin genişləndirilməsində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə edilməsi, növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanın film sənayesinin daha da canlandırılması və inkişaf etdirilməsi, zəngin mədəni irsi ilə tanınan Qarabağa həsr olunan filmlərin çəkilməsi və digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Səlçuk Karakılıç qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.