Daha bir xəstə "Modern Hospital"-ın qurbanı oldu- Ayağını kəsdilər
    • 16-10-2018, 13:00
    • 1 433

Daha bir xəstə "Modern Hospital"-ın qurbanı oldu- Ayağını kəsdilər

Jurnalist Məmməd Həmidovun qohumu “Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub. 

Şikayətçi bildirib ki, avqustun 18-də “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib: 

“Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı “Modern Hospital”da müalicə etdilər. Nəticədə, xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili şəkildə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı “Modern Hospital”da onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi.

Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə “Modern Hospital”ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün “Modern Hospital”a ödədikləri iki min manat pul onlara qaytarılsın ki, çox borca düşməsinlər.

Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”. 
Sözügedən məsələ ilə bağlı “Modern Hospital”dan məlumat verilib:
“18. 08.2018-ci il tarixində pasiyent, 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət edib.

Həkim endokrinoloq Gülay Məmmədovadan müalicə almaq istəyən xəstəyə, həkimimiz tərəfindən baxılıb və diaqnozu ağır olaraq qoyulmuş xəstəyə vəziyyət ətraflı izah edilib. Buna rəğmən, xəstə vəziyyətdən xəbərdar olduğunu və dr. Gülay Məmmədovanın müalicə prosedurunu qəbul etmək istədiyini söyləyib və öz razılığı ilə qəbul edib. Bu, xəstənin anamnezində də öz əksini tapır.

Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, bizim buna qarışma hüququmuz yoxdur. Xəstə Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra başqa özəl klinikada tapdığı digər həkimdən müalicə almaq istədiyini söyləyib, istəyi müqabilində isə müalicəni dayandıraraq seçmiş olduğu digər klinikaya üz tutub.

Biz həkimimizin seçdiyi müalicə üsulunun doğruluğuna əminik, heç bir yanlış müalicədən söz gedə bilməz. Bu epiqrizlərdə, anamnezlərdə də öz əksini ətraflı şəkildə tapır”.

//Unikal.org