"Namazını iki rükət artıq qıldı və döyüşə gedib şəhid oldu" - AİLƏSİNİN 45 GÜN XƏBƏRSİZ QALDIĞI ŞƏHİD SƏNAN ABDULLAYEV
    • 2-12-2020, 16:31
    • 3 159

"Namazını iki rükət artıq qıldı və döyüşə gedib şəhid oldu" - AİLƏSİNİN 45 GÜN XƏBƏRSİZ QALDIĞI ŞƏHİD SƏNAN ABDULLAYEV

Sənanın ən böyük arzusu doğma əmisinin şəhid olduğu Zəngilan torpağını işğaldan azad edib, o torpağa üçrəngli Azərbaycan bayrağını sancmaq idi. Amma xain düşmənin snayper gülləsi 22 yaşlı Sənan Abdullayevin bu arzusunu yerinə yetirməsinə imkan vermədi və o, cəbhənin Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Buna baxmayaraq, bir neçə gün sonra Sənanın döyüşçü yoldaşları onun ən böyük arzusunu gerçəkləşdirdi. 2020-ci il oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və onun kəndlərini işğaldan azad etdi. Bununla da şəhid Sənan Şahin oğlu Abdullayevin ruhu rahatlıq tapdı.

News24.az
 qəhrəman şəhidimiz haqda süjet hazırlayıb:

Sənan Şahin oğlu Abdullayev 1998-ci il, noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb.

Əslən Zəngilan rayonunun Ağbiz kəndindən olan şəhidimizin atası Şahin Abdullayev oğlunu vətənpərvər, qorxmaz və cəsur bir övlad kimi xatırlayır: "O, bizim qəhrəmanımızdır. Ailəmizin, məhləmizin ümumi bütün Azərbaycanın. Sənan çox qeyrətli, mədəni, mərifətli oğul idi. İndiyə qədər bizi heç vaxt incitməyib. Hara gedirdisə özündən qürurla söhbət etdirməyi bacarırdı. O, hələ körpə yaşlarından çox vətənpərvər ruhda olub. Onun idmana  marağı və həvəsi çox böyük idi. Şahin məhz bu günlər üçün hazırlaşırmış. Bayrağa sevgisi də bir başqa idi. Onu hər şeyindən çox sevərdi. Vətənpərvərlik onun öz daxilindən gəlirdi. Mübariz İbrahimovu, Polad Həşimovu daim özünə örnək götürüb. Polad Həşimov vəfat etdikdən sonra heç özünə gələ bilmədi, sanki qanayan yara tamamilə qopub. Həmin gün gedib könüllü şəkildə Səfərbərlik Xidmətində qeydiyyatdan keçdi. Hər gün ora ilə əlaqə saxlayırdı, çünki böyük qardaşı qədər çox sevdiyi Polad Həşimovun, əmisinin qisasını almağa tələsirdi. Mənə də hər zaman deyirdi ki, "mən gedib Şuşada namaz qılacam". Zəngilanda bayraq dalğalandırmağı çox istəyirdi. Deyirdi ki, "ata mən kəndimizdən sizə zəng edəcəyəm", halbuki oğlum heç vaxt Zəngilanı görməyib. O, Bakıda doğulub boya-başa çatıb. Cənab Ali Baş Komandan qismən səfərbərliyi elan edəndə bəlkə də Sənan qədər sevinən ikinci adam olmayıb. Vətənin bütövlüyü uğrunda onun da payı olacaq deyə çox sevinirdi. Hələ arada Sənanla zarafatlaşanda deyirdim ki, "bu cırıq şalvarlar geyinənlərin görəsən, axırı necə olacaq?". Buna cavab olaraq Sənan deyirdi ki, "ata, o cırıq şalvarlılar bir gün tarix yazacaqlar". Sanki bütün bunları hiss edirmiş ".


Şəhidimizin atası vətən sevdalısı olan oğlunun şəhid olduğu günü belə danışır: "Döyüşlərin ilk günləri idi. Səhər oyanan kimi Sənan namazını qılıb. Elə sanki nəyisə hiss etmiş kimi əlavə iki rükət də qılıb. Yoldaşlarına deyibmiş ki, mən döyüşdəyəm nə olub-olmayacağını bilmək olmaz, bəlkə də bu elə sonuncu namazımdır. Həmin günün də axşamı oğlum snayperlə vurularaq şəhid oldu. Valideyn kimi çox pis oluram, mənim üçün ağırdır. Tez-tez yuxuma girir oğlum. Gülərək deyir ki, niyə ağlayırsan? Mən ölməmişəm, gələcəm. Bilirəm ki, indi də mənə baxır. O, mənim ölməz qəhrəmanımdır".

22 yaşlı şəhidimiz Sənan Abdullayevin anası Gülbəniz Abdullayeva şəhid oğlundan gözyaşı içində danışır: "Gedəndə "ana, gedirəm, məndən narahat olma" sözlərini dedi və getdi. Amma biz hələ də onu gözləyirik, bilirik ki, qayıdacaq. Arada zarafatlaşaraq deyirdi ki, "mən şəhid olacağam". Çox pis olurdum bu sözləri eşidəndə, amma sonra oğlumun gülümsəməyini görüb ürəyimi rahatlaşdırırdım. Bizə heç nə demədən gedib Səfərbərlik Xidmətində qeydiyyatdan keçib. Heç nədən xəbərimiz yox idi. Bir neçə gündən sonra qardaşı dedi ki, ana, bəs Sənan orduya könüllü yazılıb. Yenə də inanmadım, amma getdi".


G. Abdullayeva bildirib ki, 22 yaşlı oğul balası çox ürəyiaçıq və mərhəmətli olub: "Kitab evində, daha sonra isə marketdə işləyib. Maaşı çox az idi, amma buna baxmayaraq çox xoşbəxt idi. Günlərin bir günü yanıma gələrək dedi ki, "ana, Polad Həşimov üçün nə edə bilərsən?", mən də halva bişirdim. İnanın ki, özü  gəzib o halvanı hər kəsə payladı. Daha sonra da yolun ortasında süfrə açıb, insanları ora dəvət etdi. O, Poladla, Mübarizlə fəxr edirdi. Hətta telefonumun fonuna nəsə şəkil qoyanda mənə deyirdi ki, "ana, sən qəhrəmanlarımızın fotolarını qoy". 

Sənan oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar.

Şəhidin anası deyir ki, oğlunun nəşi tapılana qədər hamı onun sağ olduğuna inanıb. Sənanın nəşi isə noyabrın 1-də, elə doğulduğu gündə tapılıb və ailəsinə təqdim olunub: "45 gündən sonra ad günündə oğlumun nəşi tapıldı. Onun yaşadığına o qədər çox inanırdım ki, iki qurban kəsdim, amma çox təəssüf ki, oğlum şəhid oldu. (ağlayır) O, deyirdi ki, "ana, mən ölsəm belə mənimlə fəxr elə". Fəxr edirəm oğlumla". 

Kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşçü yoldaşları ilə birlikdə bir gün ərzində üç düşmən postunu ələ keçirib. Həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən 22 yaşlı Sənan, düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Döyüşlərə yollanarkən yaşadığı məhəlləyə Azərbaycan bayrağı sancan Sənan Abdullayev II Fəxri Xiyabanda dəfn olunub. 

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov