Azərbaycan Prezidenti Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
    • 17-12-2020, 14:27
    • 557

Azərbaycan Prezidenti Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Amanullah Ceyhun dedi:

-Zati-aliləri cənab Prezident, Sizi salamlayıram. Əvvəlcə, bu gün vaxt ayırıb məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bu gün burada olmaq və Prezident Əşrəf Qaninin salamlarını çatdırmaq mənim üçün şərəfdir. O, Sizə böyük ehtiramını ifadə edir, möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzu edir.

Zati-aliləri cənab Prezident, Prezident Əşrəf Qani tərəfindən imzalanmış və mənim Əfqanıstanın qardaş Azərbaycana, gözəl ölkənizə səfir təyin olunmağım haqqında etimadnaməmi, habelə sələfimin geri çağırılmasına dair məktubu Sizə təqdim etməkdən şərəf duyuram.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev dedi:

-Cənab səfir, xoş gəlmisiniz, sizi görməyə çox şadam. Xahiş edirəm mənim də salamlarımı və ən xoş arzularımı cənab Prezidentə və qardaş əfqan xalqına çatdırasınız. Biz dostluq və tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir. Sizin mənim Prezident Qani ilə görüşlərim haqqında məlumatınız var. Biz onunla Azərbaycanda, xarici ölkələrdə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüşük. İstənilən beynəlxalq tədbirdə biz hər zaman görüşmək üçün vaxt tapırıq. Onu da deyim ki, bizim görüşlərimiz həmişə çox məhsuldar olur. Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir.

Bununla yanaşı, əməkdaşlığımızın daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Bildiyiniz kimi, biz müəyyən müddət əvvəl hərbçilərimizin sayını artırmaqla ölkənizdə təhlükəsizlik məsələsinə olan münasibətimizi, ölkənizdə təhlükəsizliklə bağlı siyasətimizi nümayiş etdirdik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. 1990-cı illərin əvvəlində biz də buna bənzər vəziyyətlə üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm sürürdü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi ki, bunlar ərazimizin bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə proqramınızda iştirak etməkdən hər zaman məmnunuq. Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır. Fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürümü bildirmək istəyirəm. Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib. Bizi hər zaman dəstəkləyib və Prezident, xarici işlər naziri və digər yüksək rütbəli məmurlar səviyyəsində bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və həqiqət bizim tərəfimizdədir. Eyni zamanda, biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir.

Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib. Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır. Burada bir daha qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, Qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram. Əminəm ki, burada özünüzü vətəninizdəki kimi hiss edəcəksiniz.

Səfir Amanullah Ceyhun: Zati-aliləri cənab Prezident, əvvəlcə mən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əfqanıstanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır.

Zati-aliləri cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim üçün şərəfdir. Əminik ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir. Zati-aliniz regional bağlılıqla bağlı Prezident Əşrəf Qaninin baxışına dəstək verib. Azərbaycana gəlişim ərəfəsində Prezident mənə təlimat vermişdir ki, onun salamlarını Sizə çatdırım, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə əldə etdiyi uğurlar münasibətilə Sizi təbrik etməyimi tapşırıb. Zati-aliləri, Siz də qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanıstan münasibətləri uzun tarixə malikdir.