Ruslan Əliyev: “Azəriqaz” qarşıya qoyulan məqsədlərin bir çoxuna nail olub”
    • 30-12-2020, 12:11
    • 375

Ruslan Əliyev: “Azəriqaz” qarşıya qoyulan məqsədlərin bir çoxuna nail olub”

"2020-ci il üzrə “Azəriqaz” İstehsalat Birliyi qarşıya qoyulan məqsədlərin bir çoxuna nail ola bilib. xüsusən də qazlaşmaya dair dövlət proqramlarının vaxtında icrası, eləcə də mövcud qaz təsərrüfatının istismara yararsız olan sahələrində yenilənmə işlərinin görülməsinə diqqət artırılıb".

News24.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, bir çox ucqar kəndlər də daxil olmaqla qazlaşdırılmış yaşayış məntəqələrinin sırasına yeniləri daxil edilib: "Yenilənən qaz şəbəkəsi isə əvvəlki illərdən fərqli olaraq qəzaların azalmasına və nəticədə qaz təchizatındakı dayandırmaların minimuma endirilməsinə gətirib çıxarıb”.

O bildirib ki, Azərbaycanın regionlarında 2020-ci il üzrə qazlaşdırılması nəzərdə tutulan 43 yaşayış məntəqəsi və 43 yaşayış massivindən 42 yaşayış məntəqəsində 5 200-ə yaxın fərdi yaşayış evi, 43 yaşayış massivində 8 500-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin edilib: “Bir yaşayış məntəqəsində isə qazlaşdırma işləri davam etməkdədir.

Bakı şəhəri üzrə Xəzər, Binəqədi, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında ümumən 5500-ə yaxın fərdi yaşayış evini əhatə etməklə 31 yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşma işləri Xəzər rayonunun Binə, Buzovna, Şüvəlan, Şağan, Zirə və Türkan qəsəbələrində, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Qaradağ rayonunun Qobustan, Qızıldaş və Lökbatan qəsəbələrində, Sabunçu rayonunun Bilgəh, Pirşağı, Nardaran, Kürdəxanı, Maştağa, Ramana və Zabrat qəsəbələrində, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində həyata keçirilib”.