Peşə təhsili alanlar ilk dəfə olaraq ixtisas dərslikləri ilə təmin ediləcək
    • 13-01-2021, 10:32
    • 391

Peşə təhsili alanlar ilk dəfə olaraq ixtisas dərslikləri ilə təmin ediləcək

2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, ilkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır.    

Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir.

Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir.

Ötən ildən etibarən ümumtəhsil bazasından qəbul mümkün olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çapına da başlanılıb. Ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə paylanılması yekunlaşmaq üzrədir.

Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.