"Bədənini toxundurmadan, beyni ilə xəyanət edən yüzlərlə insan var" - PSİXOLOQ
    • 23-01-2021, 14:46
    • 1 928

"Bədənini toxundurmadan, beyni ilə xəyanət edən yüzlərlə insan var" - PSİXOLOQ

Xəyanət geniş məzmunlu bir anlayışdır və müxtəlif formaları var. Xəyanət edən şəxsin özünü haqlı çıxarmaq üçün müəyyən psixoloji səbəbləri olur. 

Bizim cəmiyyətdə “xəyanət” sözü səslənəndə, beynimizdə ilk olaraq fiziki proses canlanır. Lakin bilməliyik ki, xəyanət fiziki olmaqla yanaşı həm də psixolojidir. Burada qadın və ya kişi öz partniyoru ilə münasibətdə olarkən, qarşı cinsin yerində başqasını arzu edir.


Xəyanəti yaradan səbəblər çoxdur. Nümunə olaraq cinsi maraqları təmin etməməyi, sevgisizlik və diqqət kimi məsələləri qeyd edə bilərik. Daha çox məcburi qurulan ailələrdə qadınlar xəyanətə meyl edir. Qarşı tərəfə olan sevgisizlik, istəksizlik, və məcburi münasibət qadında başqa maraqlar oyadır. Sevgi ilə qurulan ailələrdə də müəyyən zaman keçdikdən sonra qadının ərindən lazımi sevgini, diqqəti, qayğını, nəvazişi, hörməti görməməsi nəticəsində xəyanət ortaya çıxa bilər. Ailə daxilində sonradan baş verən münaqişələr nəticəsində qarşı cinslər arasında soyuqluq meydana gəlir. Bəzən kişinin öz qadınını bəyənmədiyini, marağının azaldığını hiss etdirməsi (məsələn: onun təhsili, statusu, bacarıqları və s.) xəyanətə təhrik edən səbəblərdən biri ola bilər. Bu zaman qadınlarda həssas boşluqlar meydana gəlir və həmin boşluğu başqası ilə doldurmaq fikri oyanır. Kənardan başqa bir əks cinsin onu çox bəyənməsi, haqqında daim müsbət danışması, diqqətə, qayğıya, sevgi və nəvazişə olan aclıqlarını təmin etməsi qadınlarda yenidən özünə inam formalaşdırır və bu da xəyanətə səbəb olur. 


Qadınların xəyanətə sövq edən digər bir səbəb kimi maddi vəziyyəti qeyd etmək olar. Ərinin çox işləməsi, yeganə dərdinin pul qazanmaq olması, yorğunluğu, evə gəldikdən sonra tez yatmaq istəyi qadınları sevgi, diqqət, qayğı və nəvaziş baxımından yarıda qoyur. Bəzən qadınlar əvəz çıxmaq məqsədilə də xəyanət edə bilirlər. Buna səbəb kimi kişinin xəyanətə meyilli olması və qadının həyat yoldaşından qərəzli qalması intiqam hissini oyadır. Bu zaman iradələrinə qalib gələ bilməyərək, xəyanətə əl ata bilirlər. Günahlandırmanı da xəyanətə aparan səbəblərdən biri kimi qeyd etmək olar. Qadının uğuruna və uğursuzluqlarına, biliklərinə və ya bilmədiklərinə görə mühakimə edilməsi onda inciklik yaradır. Xəyanətin digər bir səbəbi kimi işsizlik və asudə vaxtın həddən artıq çox olmasını qeyd etmək olar. Əgər qadın birdən-birə özünə, geyim tərzinə, səliqə-sahmanına fikir verməyə başlayıbsa, telefondan, internetdən istifadəni çoxaldıbsa, sərbəst həyata meyl edib dostları ilə tez-tez görüşməyə can atırsa, bu zaman xəyanət yarana bilər. Bəzən qadınlara müəyyən qadağalar qoyulduqda, onlara əşya kimi davranıldıqda və həddən artıq sahibləndikdə, bu yolu seçirlər. 


Hər bir qadın xəyanət edə bilər. Əksər hallarda qadınlar xəyanət etmək istədiklərini və ya xəyanət etdiklərini qarşı tərəfə dərhal hiss etdirirlər. 

Qadınlar sadiqdir və səbəb olmadığı halda xəyanət etmirlər. Hər bir qadının xəyanətinin arxasında kişinin yaratdığı bir səbəb vardır. 

Zənnimcə, xəyanəti bildikdən sonra dərhal ittiham etmək doğru deyil. İlkin olaraq təmkinli olmaq, xəyanətə aparan yollara diqqət yetirmək, onları araşdırmaq və nəticə etibarı ilə sağlam qərar vermək lazımdır.

Son olaraq yazımı bu sözlərimlə yekunlaşdırmaq istəyirəm. Xəyanət iradə gücündən asılı olan bir prosesdir. Zəif qadın olmayın, güclü olun. Çünki xəyanət zəifliyin göstəricisidir!


Psixoloq Vüsalə Salamova