Prezident:
    • 25-01-2021, 14:35
    • 425

Prezident: "Azərbaycan və İran arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq"

“İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

“Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik”, - Prezident bildirib.