Xırdalanda partlayışın dağıntıları altından 8 yaşlı uşağın MEYİTİ TAPILIB - FOTOLAR
    • 26-01-2021, 15:36
    • 616

Xırdalanda partlayışın dağıntıları altından 8 yaşlı uşağın MEYİTİ TAPILIB - FOTOLAR

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb.  

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir. 


Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub.

FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarıblar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov hadisə barədə açıqlama verib:

"Dünəndən davam edən axtarış-xilasetmə işlərinin son nəticəsi olaraq Musayeva Fatimə Vüsal qızı dağıntılar arasından çıxarıldı və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşkarına təhvil verildi. Ümumən 6 nəfər zərərçəkmiş qismində dağıntılar arasından xilas olunub. 2 nəfərin cəsədi isə aidiyyəti üzrə təhvil verilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin 228 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub. 19 texnika, 4 xüsusi təlim görmüş it, Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti və 3 texnikası prosesdə iştirak edir. Qəzanın baş vermə səbəbləri ilə əlaqədar hazırda aidiyyəti qurumlar araşdırma aparır. Yekun rəyi onlar bildirəcək. Baş Prokurorluq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələrinə uyğun olaraq müvafiq cinayət işi başladıb. İstintaq prosesi həyata keçirilir. Dağıntılar altında qalanların olduğu ehtimal edilən bütün istiqamətlərə baxılır. Zərərçəkmişlərin ola biləcəyi nəzər alınaraq, axtarış-xilasetmə əməliyyatları davam etdirilir".

Sevda Bayramova
FOTO: Fərid Şabanov