"Üz iflicinə dair SÜBUT YOXDUR" - Hande Harmancı - MÜSAHİBƏ
    • 1-02-2021, 15:51
    • 1 087

"Üz iflicinə dair SÜBUT YOXDUR" - Hande Harmancı - MÜSAHİBƏ

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı News24.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Biz bilirik ki, hər hansısa xəstəliklə əlaqədar vaksin hazırlanması uzun çəkən prosesdir. Bu proses dönəmində bəzi canlılar üzərində sınaqlar həyata keçirilməlidir. Vaksinin bu qədər qısa müddətdə hazırlanması hansısa neqativ məqamlara yol aça bilərmi?


- Yeni bir virusun meydana çıxmasından bir il keçməmiş təhlükəsiz və effektiv peyvəndlərin hazırlanması və təsdiqlənməsi böyük bir elmi nailiyyətdir. Peyvəndlər belə qısa müddətdə hazırlanıb, əhaliyə tətbiq edilməyə başlansa da, fiziki məsafə, maskadan istifadə, əlləri tez-tez yumaq və kütləvi yerlərdən çəkinmək kimi qabaqlayıcı tədbirlərə davam etmək vacibdir.

Keçmişdə peyvəndlər uzun illər çəkə biləcək bir sıra mərhələlərlə inkişaf etdirilib. İndi COVID-19 peyvəndinə olan təcili ehtiyac nəzərə alınaraq, bu günə qədər görünməmiş maliyyə sərmayələri və elmi əməkdaşlıqla peyvəndlərin inkişaf etdirilməsi sürətləndirilib.


Bütün peyvəndlər kimi, COVİD-19 peyvəndləri də onminlərlə insanın iştirak etdiyi böyük (III faza) sınaqlar daxil olmaqla ciddi, çox mərhələli bir test prosesindən keçməlidir. COVİD-19-a yoluxma riski yüksək olan insanları əhatə edən bu sınaqlar, ümumi yan təsirləri, və ya digər təhlükəsizlik problemlərini müəyyənləşdirmək və qiymətləndirmək üçün tərtib olunub. Bu dəfə fərqli olan odur ki, tədqiqat və inkişaf prosesindəki bəzi addımlar ciddi klinik və təhlükəsizlik standartlarının müşahidəsi ilə paralel olaraq aparılır.

Ötən illərdə hazırlanan bütün peyvəndlərdə olduğu kimi, klinik sınaqlar COVİD-19 peyvəndinin təhlükəsiz və təsirli olduğunu göstərsə də, effektivlik və təhlükəsizlik dəlillərinin bir sıra müstəqil təhlilinə ehtiyac var. COVİD-19 peyvəndi tətbiq edildikdən sonra belə ÜST peyvənd istehsalçıları, hər bir ölkənin səhiyyə qurumları və digər tərəfdaşlarla təhlükəsizlik məsələlərini davamlı olaraq izləyəcək.
 
- “CoronaVac”-ın üstünlüyü nədir? Nə qədər təsirlidir?


- “CoronaVac” Çinin biofarmatik şirkəti “Sinovac” tərəfindən hazırlanmış COVİD-19 peyvəndidir. ÜST-nın nümayəndə heyəti hazırda Çində, ÜST tərəfindən təcili istifadə siyahısından daxil edilməzdən öncə beynəlxalq keyfiyyət istehsal təcrübələrinə uyğunluğu qiymətləndirmək üçün “Sinovac” və “Sinopharm” peyvəndlərinin istehsalçıları ilə işbirliyi içindədir. “CoronaVac” təcili istifadə siyahısı üçün ən qısa müddətdə qiymətləndiriləcək. Qiymətləndirmə aparılandan sonra bu peyvənd haqqında daha çox şərh verə biləcəyik. Bundan əlavə, “CoronaVac” ilə eyni texnoloji inkişaf metodologiyasından istifadə edilərək, istehsal edilən və uzun müddətdir istifadə olunan peyvəndlərin olduğunu qeyd etmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı 31 dekabr tarixində “Pfizer/BioNTech” peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-nin İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: “Moderna” və “AstraZeneca” peyvəndləri. ÜST-nin prekvalifikasiya xidməti keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdə yerli qurumların bu qiymətləndirmələri aparmaq və qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası vardır.
 
- Ən etibarlı vaksin hansıdır?


- Vaksinin insan üzərində effektivliyinə peyvəndi qəbul edən şəxsin yaşı, yanaşı xəstəlikləri və ya əvvəllər COVİD-19-a yoluxub-yoluxmaması kimi amillər təsir edir. Peyvəndlərin müntəzəm olaraq effektivliyinin qiymətləndirilməsi onların istifadəsini optimallaşdırmaq və daha effektiv olaraq inkişafını davam etdirmək üçün vacibdir.
 
Hazırda ictimaiyyətə təqdim olunan 7 məhsuldan effektivlik nəticələrimiz var, lakin onlardan yalnız üçü nəzərdən keçirilib. (Astrazeneca-Lancet, Pfizer-NEJM və Moderna-NEJM). Onlardan biri ÜST və SRA (Pfizer) tərəfindən, 3-ü SRA və ÜST (AZ, Sinopharm və Moderna), digər 3-ü isə (Hindistan, Gamaleya, Sinovac və Serum İnstitutu) ÜST-ə məlumat təqdim etmək üçün ÜST prekvalifikasiya komandası ilə müzakirələr aparır.

- Dünya mediasında yayılan məlumatlara görə, bəzi vaksinlər vurulduqdan sonra üz iflicləri və digər fəsadlara yol açır. Bu, nə dərəcə də doğrudur?


- İndiyə qədər peyvəndlərin tətbiqindən sonra baş verən xoşagəlməz hadisələrin araşdırma nəticələrindən heç biri COVİD-19 peyvəndlərinin üz iflicinə və ya digər fəsadlara səbəb olduğuna dair bir dəlil göstərməyib.

Hər hansı bir peyvəndin istifadəsinə icazə verilməzdən öncə dəlillər toplanır ki, bunlar da əsasən onminlərlə iştirakçının üzərində aparılan klinik sınaqlar nəticəsində əldə olunur. Peyvənd tətbiq edildikdən sonra gözlənilməz mənfi təsirləri aşkar etmək və daha da çox sayda insan arasında effektivliyi qiymətləndirmək üçün monitorinqlər davam edir.

- Vaksin hansı xəstəliklərdə əks təsir yaradacaq? Bu, dəqiqləşibmi? Xəstələr üzərində sınaqlar həyata keçirilibmi?


- Peyvənd olunan insanların dərhal sonra müşahidə müddətinə dair yerli təlimatları izləmələri və baş verə biləcək potensial əks təsirləri və ya sağlamlıqlarında gözlənilməz problemləri öz həkimlərinə bildirmələri tövsiyə olunur. Yanaşı xəstəlikləri olan insanlar ümumiyyətlə peyvənd sınaqlarına daxil edilmədiyi üçün peyvəndlərin başqa bir xəstəliklərlə necə və hansı qarşılıqlı əlaqə quracağı barədə məlumat yoxdur.


- Uşaqlar üçün COVİD-19 peyvəndinin vurulması nə zamana nəzərdə tutulur? Koronavirus peyvəndi hazırda azyaşlı uşaqlara vurulduğu kimi - ümumi peyvəndlərin siyahısına daxil ediləcəkmi? Uşaqlara peyvənd neçə yaş üçün müəyyənləşdirilib və hansı dozada? 

- Hazırda ÜST və digər tənzimləyici orqanlar tərəfindən icazə veri lən peyvəndlər 16 yaşdan yuxarı insanlar üçün istifadə edilməlidir. 16 yaşdan kiçik uşaqlar üzərində COVİD-19 peyvənd sınaqları aparılmayıb, bu səbəbdən peyvəndlərin uşaqlar üçün təhlükəsiz və təsirli olub-olmaması hələ aydın deyil. Bununla yanaşı, peyvənd istehsalçıları peyvəndləri gənc yaş qruplarında test etmək üçün protokollar hazırlayıblar. Lakin hələ ki, nəticələr əlçatan deyil. Nəticələr təhlükəsizlik və effektivlik üçün qiymətləndirildikdən sonra ÜST müəyyən peyvənd məhsulları üçün xüsusi tövsiyələr verə biləcək.

- Siz özünüz hansı ölkə istehsalı olan peyvənd vurduracaqsınız?



- Peyvənd olunma növbəsi gələndə Azərbaycan hökuməti vətəndaşlarına hansı peyvənd təklif edirsə, həmin peyvəndi vurduracağam. Bu yaxınlarda anama Türkiyədə burada istifadə edilən eyni peyvənddən vurulub. Bildiyiniz kimi, prioritet indi ön cəbhədə çalışan səhiyyə işçiləri və yaşlı insanlardır. Öz növbəmi gözləyirəm və eyni zamanda fiziki məsafə saxlamaq, maskadan istifadə daxil olmaqla respirator və əl gigiyenası, qapalı yerlərin tez-tez havalandırılması kimi tədbirləri davam etdirirəm.

- Peyvəndin ödənişsiz olması insanlarda şübhə yaradan məqamlardandır. Bu barədə nə deyə bilərsiniz? 


- Ölkələrin böyük əksəriyyəti peyvəndi pulsuz təklif edir və bu, hökumətlərin pandemiyaya son qoymaq səylərini nə qədər güclü şəkildə dəstəklədiyini göstərir. Zənnimcə, atılan addım çox yaxşı fürsətdir və insanlar bu imkandan yaxşı istifadə etməlidir. Peyvənd haqqında hər bir insanın müxtəlif fikri ola bilər. Xatırlayacaqsınız ki, pandemiyanın başlanğıcında da bəzi insanlar bu xəstəliyin real olmadığını söyləyirdilər. Artıq bunun real olduğunu və bu virusun milyonlarla insanı öldürdüyünü bilirik. Peyvəndlərin ödənişsiz olması onları insanlara bərabər şəkildə əlçatan edir. Bu yolla, təkcə imkanı olanlar deyil, hər kəs qoruna biləcək.

- Azərbaycan səhiyyəsində bir neçə müddətdən sonra peyvəndin ixtirasına inanırsınızmı? Yəni, səhiyyəmiz bu prioritetlərə cavab verirmi?



- Son illərdə səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki təminatının gücləndirilməsi, qabaqcıl texnologiyanın tətbiqi və kadr siyasətində dəyişikliklər kimi böyük islahatlar həyata keçirilib. Bu da öz növbəsində Azərbaycanın səhiyyə sisteminin beynəlxalq standartlara uyğun inkişafına, dünyanın aparıcı ölkələrinin səhiyyə sistemlərinə ardıcıl inteqrasiya yoluna qədəm qoymasına və onun beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan yaradıb. Əminəm ki, Azərbaycan peyvənd istehsalına qərar verərsə, ölkədə müxtəlif dərmanlar və ya bioloji maddələr istehsal etmək mümkün olacaq.

Məhərrəm Əliyev