Prezident Minatəmizləmə Agentliyinin İdarə Heyətinin yeni sədrini videoformatda qəbul etdi
    • 4-02-2021, 14:10
    • 460

Prezident Minatəmizləmə Agentliyinin İdarə Heyətinin yeni sədrini videoformatda qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

News24.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.

Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.

Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər.

Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.

Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər.

Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır.

Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir. Siz bu sahədə təcrübəli beynəlxalq mütəxəssisləri cəlb edərək işçilər üçün həm ölkə daxilində təlim kursları keçirməlisiniz, həm də xaricdə qısamüddətli kurslar təşkil olunmalıdır ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin.

Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik.

Mən müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə göstəriş vermişdim ki, əlavə istehkamçı taborlar yaradılsın və onlar yaradılıbdır. Azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilir və bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir. Əlbəttə, Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür. Ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin. Çünki əvvəlki agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi, say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir. Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması - əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, - azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, - yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə-yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bu bərpa işlərinə təkbaşına start verib. Biz heç kimdən yardım gözləmədən buna start vermişik və bütün işlər plan üzrə gedir. Ona görə, siz Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməlisiniz, onlarla görüləcək işlərin cədvəlini birgə tutmalısınız, hansı sahələr daha əvvəl təmizlənməlidir, yəni, burada da metodologiya var, dünya metodologiyası var, peyk təsvirləri var.

Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik. Əlbəttə ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər. Ona görə, siz agentliyin rəhbəri kimi bu işlərə də fikir verin.

Biz Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamalıyıq. Yəni, bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır. Hesab edirəm ki, bizim azad edilmiş ərazilərdə olan bu minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Təmizləmə işləri də, əlbəttə ki, ardıcıllıqla aparılmalıdır. Burada da prioritetlər düzgün müəyyən edilməlidir. Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri - indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməlidir.

Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır.

İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır. Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dedi:

-Çox sağ olun, möhtərəm cənab Prezident. Sürətlə inkişaf edən Azərbaycanımız bu gün zəfər çalmış ölkədir. Bu, sözsüz ki, Sizin həm Prezident, həm də Ali Baş Komandan kimi gərgin əməyinizin parlaq nəticəsidir. Bu gün ölkəmiz əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını uğurla davam etdirərək yeni hədəflərə doğru irəliləyir. Qarabağa böyük qayıdış bu hədəflərdən biridir. Bu hədəflərə nail olmaq üçün, Siz qeyd etdiyiniz kimi, mina təhlükələrindən qurtulmaq birinci dərəcəli vəzifələrə aiddir.

Hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, agentlik bütün imkanlarını səfərbər edəcək və qarşımıza qoyulmuş vəzifələrə, hədəflərə nail olacaqdır.

Azad edilmiş ərazilərdə minatəmizləmə işləri tapşırığınıza əsasən lazımi səviyyədə, beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcəkdir. Mən qürur duyuram ki, belə bir məsuliyyətli işin təşkilində iştirak edəcəyəm və bu etimadınıza görə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.