Bu marşrut xəttinə yeni avtobuslar buraxıldı
    • 4-02-2021, 16:56
    • 762

Bu marşrut xəttinə yeni avtobuslar buraxıldı

Dövlət başçısının tapşırığına əsasən, qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, bu çərçivədə fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti (“28 May” metrostansiyası-“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək. 

Dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. 

Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.

Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.