DİM xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə müraciət edib
    • 10-02-2021, 10:19
    • 368

DİM xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillərdən qəbul imtahanı verəcək namizədlərin, fəlsəfə doktoru imtahanı verəcək iddiaçıların və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilərə müraciət edib.

Mərkəzdən News24.az-a bildirilib ki, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Xatırladırıq ki, doktoranturaya və dissertanturaya qəbul imtahanı ilə bağlı DİM‑in internet saytında dəfələrlə geniş məlumatlar verilmişdir. Doktoranturaya qəbul olunmaq istəyən namizədlər və fəlsəfə doktoru iddiaçıları üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən imtahanı proqramları, həmçinin xarici dillər üzrə imtahanın strukturu və məzmunu haqqında məlumatlar, həmçinin tövsiyələr və qiymətləndirmə meyarları DİM-in internet saytında yerləşdirilərək namizədlərə və iddiaçılara təqdim edilmişdir.

Məlumat verildiyi kimi, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilmişdir.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.

Təəssüflə qeyd olunmalıdır ki, doktoranturaya ötənilki qəbul imtahanında və imtahanın modeli əsasında keçirilmiş sınaq imtahanlarında bir çox namizədlər esseni qoyulan tələblər səviyyəsində yerinə yetirməmiş, bəziləri esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri tələb olunan mövzu əvəzinə başqa mövzuda yazmış, bəziləri esseni yazmaqdan imtina etmiş, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışdılar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər. Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, zəif tərəflərinə daha çox diqqət yönəltmələrinə, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.

Xatırladırıq ki, namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün sınaq imtahanında olduğu kimi aşağıdakı bloklar təqdim ediləcək:

1. Dinləyib-anlama bloku;

2. Oxuyub-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).

Əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da eyni test blokları üzrə tapşırıqlar təqdim olunacaq.

Namizədlərin və iddiaçıların yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında imtahan suallarının cavablandırılmasına və essenin (və ya vizual məlumatın təsvirinin) yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, yazılı tapşırığa isə 1 saat) vaxt ayrılır.

Akademik yazı bacarıqlarının elmi kadrlar üçün böyük əhəmiyyətini nəzərə alaraq, imtahanın yazı bloku (esse yazısı və vizual məlumatın təsviri) barəsində bəzi tövsiyələri, yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları imtahan iştirakçılarının diqqətinə bir daha çatdırırıq.

Qəbul imtahanında namizədlərin və iddiaçıların aşağıdakı xüsusiyyətlərə əməl etməklə “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nin (CEFR) B2 səviyyəsinin meyarlarına cavab verən esse və vizual məlumatın təsvirini yazma bacarığı yoxlanılacaqdır:

- Yazının məzmunu, əhatəliliyi və həcmi;

- Yazının məntiqi strukturu;

- Nitqin rabitəliliyi və tamlığı;

- Qrammatik minimumdan düzgün istifadə;

- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;

- Yazı savadı.

Artıq məlumat verdiyimiz kimi, doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün yazı bloku bir tapşırıqdan ibarətdir: verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən ibarət olan essenin yazılması (həcmi 200-250 söz). Xarici dildən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılar və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilər isə yazı blokunda giriş, əsas hissə və nəticədən ibarət olmaqla həcmi 200-250 söz vizual məlumatı təsvir edəcəklər (həcmi 200-250 söz).

Hər bir yazı işi azı iki marker tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Yazılı işlər yoxlanılarkən onun mövzuya (vizual məlumata) uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun)) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun və ya vizual məlumatın düzgün şərhi və əhatə səviyyəsi, fikirlərin məntiqli və düzgün ifadə olunması, essedə əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, vizual məlumatın təsvirində isə təqdim edilən statistik göstəricilərin, rəqəmlərin düzgün təsviri və müqayisəsi, hər iki yazı növündə söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) ümumi sayı) nəzərə alınır.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin və ya iddiaçının özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri və ya vizual məlumat əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş dil əvəzinə digər dildə yazılmış, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış, eləcə də oxunulması və anlaşılması mümkün olmayan yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.

Onu da nəzərə almaq lazımdır ki, yazının həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan yazılar “0” (sıfır) balla qiymətləndirilir, yazının maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Yazı işi səliqəli və aydın yazılmalıdır ki, onu oxuyub-qiymətləndirmək mümkün olsun.

Namizədlərə və iddiaçılara verilən tövsiyələri imtahana hazırlaşarkən və yazı işini yerinə yetirərkən nəzərə almağı məsləhət görür, qəbul və fəlsəfə doktoru imtahanında uğurlar arzulayırıq.