“TƏBİB psixoloqlardan ibarət qrup formalaşdırmalıdır”  - TƏKLİF
    • 10-02-2021, 18:58
    • 733

“TƏBİB psixoloqlardan ibarət qrup formalaşdırmalıdır” - TƏKLİF

Vaksin - insan bədəninin xəstəliklərə qarşı müqavimətini qüvvətləndirən bioloji maddədir. Hazırda bütün dünyada Covid-19 virusuna qarşı vaksinasiya tətbiq olunur. Bununla bağlı Azəbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndi olub. Cəmiyyətimizdə Covid-19 virusuna, həmçinin vaksinasiyaya qarşı inamsızlıq və qorxu mövcuddur. İnsanların bu cür düşünməsinə səbəb olan bir neçə amil var. 
 
Bu amillərdən birincisi əksər insanların Covid-19-un bir siyasi oyun olduğunu düşünmələridir. Və bu inamsızlığı psixologiyada “insanın özünü informasiyadan qoruması fenomeni” ilə əlaqələndirib izah etmək olar. Bu fenomenə görə,  insan alacağı informasiyalara görə özünü qoruyur, çünki bu qorxulu və təhlükəli ola bilər. Eyni ilə bu fenomeni vaksin ilə də əlaqələndirirlər. Vaksinlə bərabər dəhşətli bir panika yaranacağını, hətta həyatlarının alt-üst olacağını belə düşünürlər. Buna görə də, insanlar inanmamağa, görməzdən gəlməyə və nəticədə vaksinasiyadan qaçmağa çalışırlar. 
 
Peyvənd qorxusunun vacib səbəblərindən biri kimi, insalarda Azərbaycan səhiyyəsinə olan güvənsizlik və TƏBİB-in əhalini təşvişə salan, bir-birinə zidd olan çıxışlarını qeyd etmək olar. Karantin müddətində yoluxma sayının çoxalması ilə bağlı xəstəxanalarda sıxlığın yaranması, səhiyyə işçilərinin və təcili yardım maşınlarının əhalinin çağırışlarına vaxtında çata bilməməsi, insanlarda səhiyyəyə qarşı qismən də olsa güvənsizlik yaratmışdır. Həmçinin TƏBİB-in bəzi açıqlamalarında yol verdiyi boşluqlar da insanların fikir qarışıqlığına səbəb yaradan amillərdəndir. 
 
Bir qisim insanlarda da, “virus Çində yaranıb, vaksin də oradan gəlir, bunun insanlara nə kimi xeyri ola bilər” düşüncəsi mövcuddur. Bu kimi fikirlərin qarşısını almaq üçün cəmiyyətdə güclü maarifləndirmə, insanları vaksin və onun xeyirləri haqqında məlumatlandırmaq lazımdır. Mövcud vəziyyətdə insanları psixoloji olaraq rahatlaşdırmaq, məlumatlandırmaq daha çox səhiyyə işçilərinin və TƏBİB-in üzərinə düşür. 
 
Dövlət başçımızın açıqlamasında peyvəndləmənin könüllü və dövlət hesabına aparılacağı barədə məlumat verilib. İlkin olaraq Covid-19-a qarşı vaksinasiya olunacaq şəxslər siyahısında səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən gigiyenik, əksepidemik tədbirlərə cəlb olunanlar yer alırlar. 
 
“CoronaVac” peyvəndi Azərbaycana yanvar ayının ortalarında çatdırılıb və 18-indən tətbiqinə başlanıb. GAVİ peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndləməyə 2 cür yanaşma mövcuddur. Canlı və İnaktiv peyvəndlər. Qurumun məlumatlarına əsasən deyilir ki, hər iki peyvənddə də, köklü texnologiyalardan istifadə olunub. Lakin buna baxmayaraq canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilər. Bu vaksinin adətən soyuq yerlərdə saxlanılmağı tələb olunur. İnaktiv peyvəndlərə gəldikdə isə,  onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. Verilən məlumatlara görə vaksin vurulan insanlar peyvəndləməni rahat keçiriblər. TƏBİB hamilə qadınlara və uşaqlara vaksinin göstərəcəyi nəticələr hələ tam açıqlanmadığı üçün vurulmamağını tövsiyyə edib. Peyvəndin əks təsirlərinə gəldikdə isə, çox nadir hallarda az yorğunluq və narahatlıq qeydə alına bilər. 
 
Virusun yox olması və sağlamlığımız baxımından vaksinasiya mühümlük kəsb edir. Bütün dünya ölkələrində, həmçinin Azərbaycanda vaksindən istifadəyə başlanılıb. Biz də bu baxımdan öz sağlamlığımız üçün üzərimizə düşənlərə əməl etməliyik. Vaksinlə bağlı bizi narahat edən düşüncələrdən, qorxu və inamsızlıqdan özümüzü uzaqlaşdırmaq üçün cəmiyyət arasında danışılan mənfi rəyləri qeydə almamaq, peyvənd haqqında dolğun məlumatlar əldə edərək, özümüzü psixoloji gərginlikdən uzaqlaşdırmağı bacarmalıyıq. Peyvənd vurduran şəxslərin bunun heç də qorxulu bir şey olmadığı haqqında ətrafındaki insanlara məlumat verməyi də, digər insanlarda psixioloji rahatlıq baxımından böyük təsir göstərə bilər. 
 
Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, TƏBİB vaksinasiya prosesində insanlarda yaranmış psixoloji inamsızlığı aradan qaldırmaq üçün psixoloqlardan ibarət qrup formalaşdırmalıdır. Psixoloqlardan ibarət olan həmin qrup, cəmiyyətdə bu cür insanlar arasında vaksinasiyaya qarşı olan inamsızlığı, qorxunu aradan qaldırmaq məqsədi ilə aktiv iş aparmalıdır. Psixoloqlardan ibarət olan qrup TƏBİB tərəfindən peyvənd vurulacaq tibb məntəqələrinə ezam olunaraq prosessdən əvvəl, həmçinin televiziya kanalları, günümüzdə aktiv istifadə olunan sosial mediya, xəbər saytları vasitəsi ilə də, aktiv maarifləndirici, psixoloji söhbətlər edə və öz məsləhətlərini paylaşa bilərlər. 

Psixoloq 
Vüsalə Salamova