Baş Prokurorluğun yeni binasına media-tur təşkil edildi
    • 11-02-2021, 10:20
    • 2 623

Baş Prokurorluğun yeni binasına media-tur təşkil edildi

Fevralın 11-də paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən media-tur təşkil edilib.

News24.az-ın məlumatına görə, media-tura rəhbərlik edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov giriş nitqi ilə çıxış edərək məlumat verib ki, ölkəmizdə həyata keçirilən fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşası davam etdirilir.

Nəzərə çatdırıldı ki, inşası 2018-ci ildən aparılan inzibati bina kompleksinin açılışında fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. 

Vurğulandı ki, səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

Məlumat verilmişdir ki, dörd korpusdan ibarət kompleksin altı və dörd mərtəbəli iki inzibati binasında Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2  tikilisində isə yataqxana və konfrans korpusları yerləşir.

Bildirildi ki, bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri  təciz olunub.

İnzibati binada yaradılmış 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verəcəyini qeyd edən Kənan Zeynalov kompleksin ümumi istifadəyə yararlı sahəsinin 16600 m2 əhatə etdiyini qeyd edib.

Həmçinin nəzərə çatırıldı ki, ümumi kompleksin zirzəmi mərtəbəsində xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar nəzərdə tutulub.

Qeyd olundu ki, kompleksin həyətyanı ərazisində yaşıllaşdırma işləri aparılmaqla əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.

Bina kompleksində  44 günlük Vətən müharibəsinə həsr olunmuş  tarixi-memorial qalereya yaradılıb.

Bildirildi ki, burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artileriyya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür.

Vurğulandı ki, qalereyada həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komadanı  cənab İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkilləri seyr etmək olar. 

Qeyd olundu ki, qalereyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli 2404 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Azərbaycan Respublikasının Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer alıb.

Nəzərə çatdırıldı ki, qalereyada eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etmiş prokurorluqda işləyən dövlət qulluqçuları və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də öz əksini tapıb.

Media-turdan sonra "Qanun keşikçiləri" adlı  bədii sənədli filmin təqdimatı həyata keçirilmiş, daha sonra Baş Prokuror Kamran Əliyevin rəhbərliyi, prokurorluq əməkdaşlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə film seyr edilib.

Filmin təqdimatı zamanı qeyd olunmuşdur ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bildirilmişdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın təmin edilməsi, maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən kompleks tədbirlər görülməkdədir.

Nəzərə çatdırılmışdır ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu özündə əks etdirən "Qanun keşikçiləri" adlı  bədii sənədli film ərsəyə gətirilib.

Vurğulanmışdır ki, dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında mühüm rola malik olan prokurorluq orqanlarının 102 illik fəaliyyətinə qısa səyahət olan bu film onun dünəni və bu gününü əks etdirir.
Bildirilmişdir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlmiş filmin rejissoru Ramil Ağasıyev, ssenarist jurnalist Lalə Ədalət qızıdır. 

Filmin baş qəhrəmanı-prokuror rolunun ifaçısı aktyor, əməkdar artist Elşən Rüstəmovdur. 

Vurğulanıb ki, respublika prokurorluğunun əməkdaşlarının da iştirak etdiyi bu film prokurorluqda aparılan son islahatları, müsbət inkişafı əhatə edir.