Baş infeksionist AÇIQLADI:
    • 11-02-2021, 13:55
    • 1 258

Baş infeksionist AÇIQLADI: "Uşaqlar arasında kütləvi yoluxma olacaq, amma...."

Dünya ölkələri 1 ildən artıqdır ki, COVID-19 pandemiyası ilə mübarizə aparır. Ötən ilin sonu virusa qalib gəldiyini bildirən Çində belə yenidən yoluxmalar qeydə alınmaqdadır. 

Ümumilikdə isə bu günə qədər yoluxanların sayı 108 milyona yaxındır. 

Koronavirusun mutasiyaya uğramış yeni Britaniya ştammının artıq dünyanın 86 ölkəsində aşkarlanması və bu növün yoluxuculuğunun yüksək olması Azərbaycanda da əhali arasında narahatlığa səbəb olub. 


COVID-19 pandemiyası ilə bağlı News24.az-a müsahibə verən Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov üçüncü dalğanın mümkünlüyünü istisna etməyib:

- Hazırda dünya üzrə ümumilikdə yeni koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə edilir. Buna görə də bir sira ölkələrdə, o cümlədən, Azərbaycanda da karantin rejiminin yumşaldılmasına gedilir. Bu isə öz növbəsində əhali arasında təmasların artmasına səbəb olur ki, nəticədə yoluxma hallarında artımın baş verməsi mümkün sayılır. Üzümüzə gələn aylarda, xüsusən yazda belə ehtimalların olması ÜST ekspertləri tərəfindən də təsdiqlənir. Müşahidə edilən çoxsaylı mutasiyalar bu məsələni bir qədər də gərginləşdirir. 

- COVID-19-un Britaniya ştammı Azərbaycana gələ bilərmi? 

-  Azərbaycanın dünyanın əksər ölkələri ilə əlaqələri artıq neçə vaxtdır ki, minimal səviyyədədir. Bu fakt virusun, xüsusən onun yeni, mutasiya olunmuş variantlarının ölkəmizə gətirilməsini müəyyən qədər ləngitsə də, onun qarşısının alınması üçün yetərli ola bilməz. Xüsusən də bu halların qonşu ölkələrdə artıq aşkar olunması bu fikri bir daha təsdiqləyir. ÜST ekspertləri tərəfindən virusun Britaniya ştamının daha sürətlə ötürülməsi faktı təsdiqlənir. Lakin bu halda xəstəliyin gedişinin ağırlaşması və ölüm hallarının artması sübutlu deyil. Yalnız qeyd edilir ki, yoluxmaların sayının artması daha çox xəstəlik hallarının baş verməsinə, buna müvafiq olaraq ağır formalı xəstələrin sayının çoxalmasına və beləliklə, səhiyyə sistemin yenidən yüklənməsinə səbəb ola bilər. Onu da deyim ki, hazırda virusun çoxsaylı mutasiyaları aşkarlanıb və onların öyrənilməsi, bu mutasiyaların virusun patogenlik və digər xüsusiyyətlərinə necə təsir edəcəyi araşdırılır. Yəqin ki, bu haqda vaxtaşırı rəsmi açıqlamalar veriləcək.

- Virusun bu növü azyaşlıların ölümünə səbəb ola bilərmi?

- Bəzi məlumatlar onu deməyə əsas verir ki, yoluxma hallarının sayının artması baş verərsə, təbii ki, əvvəlki dövrlə müqayisədə bütün yaş qruplarında, o cümlədən uşaqlar arasında da yoluxma sayında artım gözlənilə bilər. Lakin istənilən halda, uşaqların bu xəstəliyi böyüklərlə müqayisədə daha yüngül keçirməsi faktı qüvvədə qalır. Ümumilikdə, yalnız immun sistemində müəyyən problemlər olan, yanaşı ağır xəstəlikləri olan azyaşlılar bu xəstəliyi böyüklər kimi ağır keçirə bilər. Ancaq hazırkı epidemioloji durumu qiymətləndirdikdə infeksiyanın yayılmasını əngəlləyəcək bir sıra faktorları da nəzərə almaq lazımdır. 

Bunlara əhalinin müəyyən hissəsinin xəstəliyi artıq keçirərək təbii immunitet əldə etməsi, günbəgün vaksinasiya olunanların sayında artımın olması, onun əhatəliliyinin, xüsusən risk qrupları arasında artması, əhalinin bu infeksiya və ondan qorunmaqla bağlı kifayət qədər məlumatlı olması və bu səbəbdən fərdi qoruyucu vasitələrdən lazımınca istifadə etməsi, digər qoruyucu profilaktik tədbirlərə əməl etməsi, ən nəhayət, yay fəslinə doğru getməyimiz aiddir. Bütün bu deyilənlər müəyyən qədər nikbin olmağa əsas verir. 

- Bəs, vaksinlərlərin azyaşlılar üçün hansısa təhlükəsi varmı?

- Azyaşlılar bu infeksiya zamanı risk qrupuna daxil edilmədiyindən onlar üçün mövcud vaksinlərin təhlükəsizliyi və effektivliyi araşdırılmayıb. Buna görə də, valideynlər uşaqlarını tövsiyə olunan sadə universal tədbirlərlə qoruya bilərlər. ÜST-ün göstərişinə görə 5 yaşa qədər uşaqlara maska taxmaq tələb olunmur. Növbəti qrup 6-11 yaşlılardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur: “Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə bu məcburidir.

- COVID-19 üçün bəşəriyyətin ən böyük pandemiyası deyilir. Həqiqətən də belə bir pandemiya heç vaxt olmayıb?

- Bəşəriyyət tarixində bundan da ağır, fəlakətli pandemiyalara rast gəlinib. Lakin koronavirus pandemiyası ilə ilk dəfədir ki, üzləşirik. Hazırda əsas məsələ vaksinasiyanın kütləviliyini təmin etməklə yoluxma hallarının sayını azaltmaq və bu yolla epidemioloji zənciri qıraraq infeksiyanı idarə olunan səviyyəyə çatdırmaqdır. Qeyd olunur ki, bu vəzifənin sürətlə həyata keçirilməsi məhz yeni mutasiyaların baş verməsinin də qarşısını ala bilər. Aylar ərzində baş verən və verəcək mütasiyaların toplanması səbəbindən virusun mövcud quruyucu immunitetdən və vaksinlərdən yayınması nəzəri cəhətdən mümkün olsa da, hələlik bu faktı təsdiqləyici sübutlu elmi məlumatlar yoxdur. 

- Ümumiyyətlə, vaksinin qoruma müddəti nə qədərdir?

- Mövcud vaksinlərin qoruyuculuq müddəti vaxtın az keçməsi ilə əlaqədar dəqiq bəlli deyil və bəzi mülahizələrə görə 6 ay-2 ilədək təşkil edə bilər. Ona görə bu sualın düzgün cavabının zamana ehtiyacı var. 

- Vaksin virusa yoluxmadan qoruyur, yoxsa, xəstəliyi daha yüngül keçirməyə kömək edir?

- Hazırkı vaksinlər mövcud ştamlara yoluxmadan kifayət qədər effektiv qoruyur, lakin qoruyuculuq yüz faizli deyil və vaksin olunmuş şəxslərin  çox az qismi infeksiyaya tutula bilər. Bu halda yoluxan xəstəliyi daha yüngül keçirəcək. Peyvəndlərin təhlükəsizliyi və effektivliyinin müəyyən edilməsi məqsədilə aparılmış elmi araşdırılmaların nəticələri bunu deməyə əsas verir. 

- Baş verənlər insanlarda elə təəssürat yaradıb ki, COVID-19 heç zaman həyatımızdan çıxmayacaq...

- Pandemiya şəraitində yaşamaq günümüzün reallığına çevrilib və maskalardan istifadə, respirator, əl gigiyenası və digər qoruyucu qaydalara əməl olunması həyatımızın ayrılmaz hissəsi olub. Ona görə də arxayınlaşmamalı və infeksiya ilə birlikdə tam qələbəyədək mübarizə aparmalıyıq. Ümid edirəm ki, bəşəriyyət tezliklə bu imtahandan da üzüaçıq çıxacaqdır.

Teymur Məmmədov