"Fikrim tibbi mülahizədir, TƏBİB-in rəsmi mövqeyi deyil” -  İnfeksionist ONU QINAYANLARA CAVAB VERDİ
    • 12-02-2021, 13:32
    • 589

"Fikrim tibbi mülahizədir, TƏBİB-in rəsmi mövqeyi deyil” - İnfeksionist ONU QINAYANLARA CAVAB VERDİ

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın REAL TV-yə müsahibəsində “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Həkim–infeksionist Nəzrin Mustafayeva News24.az-a açıqlamasında məlum fikrinin geniş müzakirə olunmasına belə münasibət bildirib: “Müsahibəmdəki fikrim haqlı olaraq müzakirələrə səbəb olub. Verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyimi istədi. Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir”.

N.Mustafayeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etməlidir: Bu qərarlara əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”.