"Fəhlələrə deyib ki, qardaşımı döyün"-  5 kiloluq qızıl suyu ilə QURAN YAZDIRAN MİLYONÇU -VİDEO
    • 15-02-2021, 17:19
    • 1 463

"Fəhlələrə deyib ki, qardaşımı döyün"- 5 kiloluq qızıl suyu ilə QURAN YAZDIRAN MİLYONÇU -VİDEO

Əmircanda doğulub böyümüşəm. Hər qarışında uşaqlıq xatirələrim var. Bura da həmin xatirələrimin bir parçası, ayaq izlərimin olduğu yerdir.  

Yadımdadır, hər il Məhərrəm ayında anamla kəndin ayağındakı adını bilmədiyim bu məscidə gedərdik. Həmin gün məscidin çölü də, içi də adamla dolub daşardı. Əslində nəyin baş verdiyini anlamırdım. Sadəcə, qoluma bağlanacaq qara, niyyət parçası üçün can atırdım ora... Eşitmişdim ki, o qara lent biləkdən nə zaman düşsə, o zaman da arzum yerinə yetəcək. Elə bilirdim hər il onu bağlayanda bütün arzularım həyata keçəcək. Uşaqlıq inancı idi... 


Həmin məscidlə bağlı məlumatı isə ağlım kəsəndə öyrəndim. Bildim ki, bura Murtuza Muxtar məscididir... 

Tikildiyi vaxtdan bu yana - 103 il ərzində bu məscidə tarixin qoxusu hopub. 

Kənd camaatı sübh namazına məhz bu məsciddən ucalan azanın səsinə oyanırlar. 

Məscidin axundu Hacı Rəhim buranın təməlinin Murtuza Muxtarovun özünün qoyduğunu deyir: “Bu məscidi Murtuza Muxtarov 1901-ci ildə tikdirib. O, bu kənddə doğulub, boya-başa çatıb. Murtuza Muxtarovun təkcə milyonçu yox, həm də xeyriyyəçi insan olub. Bu məscidə gəlincə, iki cür tarixi var. Bəzilərinin dediyinə görə, kənd camaatı milyonçudan xahiş ediblər ki, Əmircanda belə bir gözəl məscid tikdirsin. İkinci tarix isə budur ki, məscidi Murtuza Muxtarov öz təşəbbüsü ilə tikdirib. Kənd camaatını bir yerə toplayaraq onlardan halallıq alıb. Çünki həmin illərdə kənd çox kiçikmiş və o torpaqların da öz sahibləri olub. Həmin il bünovrəsi qoyulan məscidin tikintisi 1908-ci ildə tamamlanıb. Tikinti zamanı kəndin ağsaqqaları, sakinlər də bu işdə Muxtarova mənəvi dəstək olublar. Əmircanda tikilən bu ilk məscid Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Onu da qeyd edim ki, milyonçu Azərbaycandan başqa, Osetiyada da böyük məscid tikdirib”.

Axund bildirir ki, məscidin inşası tamamlanandan sonra Murtuza Muxtarov tanınmış insanları, ruhaniləri bu məscidə cəlb etmək üçün çağırış da edib: “1908-ci ildə məscidin açılışı olub. O vaxt məscidin ilk axundu Mirzə Hənifə olub. İlk xütbəni də o oxuyub. O getdikdən sonra isə Mirzə Abu Turab məsciddə axundluq edib”.

Hacı Rəhim Murtuza Muxtarovun kənddəki kasıb ailələrə kömək etdiyini də vurğlayıb: “O, Əmircanda yaşayan kasıb ailələrə hər zaman kömək olub. Elə buna görə də kənd camaatı onu çox istəyirdi, böyük nüfuza sahib idi. Həm də Murtuza Muxtarov Azərbaycanda neft buruqlarının baş ustası olub”.

Axund Rəhim Kərimov məscidin bağlanması tarixindən söz açarkən maraqlı tarixi məqamlara toxunub: “1937-1938-ci illərdə məscidlərin bütünlüklə qapıları bağlandı. Repressiya dönəmi idi. İnsanlar, ələxsus ruhanilər incidilir, sıxışdırılırdı. Məscid bağlanan dönəmdə burdan fabrik, daha sonra tarixi sənədlərin saxlanıldığı yer kimi istifadə edilib. 1985-ci ildə isə məscid təmir olunub və Səttar Bəhlulzadənin muzeyi kimi fəaliyyət göstərib. Təxminən 4 il sonra isə yenidən məscid kimi qapılarını insanların üzünə açıb”.


Söhbət zamanı öyrəndim ki, məscidin günbəzi və bir minarəsi bir dəfəyə tikilib: “İkinci minarə sonradan tikilib. Ona görə də həmin minarə bir pilləkən daha hündürdür. Eyni zamanda da minarələrdən birində pəncərənin bir, digərində iki olması da buna sübutdur. Onu da qeyd edim ki, azanın verilməsi üçün 4 yer var. İçəridə günbəzdə həkk olunanların hamısı Quran ayələridir. Çox təəssüf olsun ki, məscid 1985-ci ildə təmir olunan zaman orijinallıq müəyyən qədər itib. Naxışlar əlavə olunub. Mehrabın baş hissəsində Qurani-Kərimdən “Fələq” və “Nas” surələri yazılıbmış. Onlar sonradan silinərək Allah evlərinin uca və təmiz saxlanılması haqda ayə yazılıb. Həmçinin, məscidin mehrabında iki salam da var. Bunlar həm peyğəmbərimizə, həm də on ikinci imamımıza – Əhli-beytimizə olan salamlardır”.



Vaxtilə Əmircan qəsəbəsində 4 məscidin olduğunu deyir, Hacı Rəhim. Lakin bu günümüzə onlardan cəmi 3-ü gəlib çatıb: “Kəndimizdə Bünyadlılar məscidi, XIV əsrə aid Nizaməddin məscidi və Murtuza Muxtar məscidi var. Çox heyif ki, milyonçu Şəmsi Əsəsdullayevin kənddə tikdirdiyi məscid partladılıb. Çünki o dönəmlərdə məscid və dini ayinlərlə mübarizə aparılırdı. Hazırda o məscidin ətrafında yaşayan insanlar var. Ondan əsər-əlamət qalmayıb”.


Sən demə, Murtuza Muxtarov 1901-ci ildə məscidin tikintisinin başlaması ilə bərabər, Müqəddəs "Qurani-Kərim"i nəfis və gözəl xəttlə köçürtdürməyə də başlayıb. Uzun müddət xəttat axtarışında olan Muxtarov, həmin şəxsi İstanbulda tapıb: “Bu Qurani-Kərimi Türkiyədə Fətulla Əziz adlı bir şəxs hazırlayıb. Murtuza Muxtarov müqəddəs kitabın yazılmasında “Allah”, “Bismillah”, “Rəhman” və “Rəhim” sözlərinin hamısını qızıl suyu ilə yazdırıb. Məhz bu Qurani-Kərim yazılandan sonra Muxtuza Muxtarov görür ki, Fətulla Əzizə çox sayda müraciət olunur. Ondan bu Qurani-Kərimin eynisinin yazılması xahiş olunur. Milyonçu həmin şəxsə böyük məbləğdə qızıl pullar verib deyir ki, bu kitabın ikincisini yazmasın. Türkiyəli xəttat da bu kitabı bitirib Murtuza Muxtarova həvalə etdikdən sonra bir daha "Qurani-Kərim" yazmır. Milyonçu-xeyriyyəçinin Fətulla Əzizə halallıq üçün verdiyi qızıl pulların miqdarı ona ömrünün axırına qədər yaşamağa imkan verir”.



Müqəddəs kitabı həm yandırmaq, həm də oğurlamaq istəyiblər: “Qurani-Kərim ilk dəfə məscidə gətiriləndə hər kəs onun qızıl suyu ilə yazıldığı bilib. Buna görə də dəfələrlə məscidə daxil olaraq onu oğurlamaq istəyiblər. Lakin cəhdləri boşa çıxıb. Çünki bura açılanda həm məscidi, həm də müqəddəs kitabı qoruyan şəxslər olub. Allah da buyurub ki, biz Quranı qoruyacağıq. Ta ki qiyamət gününə qədər. 1937-ci ildə məscid bağlanandan sonra Quranı-Kərimə çoxlu həmlələr olub. Onu yandırmaq istəyiblər. Kəndimizdə Hacı Heybətqulu adlı böyük nəsil var. O nəslin banisi həmin vaxt "Qurani-Kərim"i götürüb və gizli şəkildə məsciddən apararaq evinin zirzəmisində gizlədib. Kitab uzun müddət onların evində qalıb. 1989-1990-cı illərdə məscid açılanda biz onun qızı Səkinə xanıma üz tutduq. Qadın qorxu içində idi. Allah qarşısında cavab verəcəyini və nə vaxtsa bu kitabın hesabının onlardan soruşulacağını bilirdi. Onu da deyim ki, ailə müqəddəs kitabı çox gözəl şəkildə saxlamışdılar. Səkinə xanım məscidin açıldığına inanmırdı. Məsciddə ibadət edənləri gördükdən sonra müqddəs kitabı öz əlləri ilə məscidimizə təhvil verdi. Murtuza Muxtarov "Qurani-Kərim"ə özü də yazı vəqf etdirib. Kitabda bu cümlə də yer alıb: “Murtuza Muxtarov tərəfindən bu Quran məscidə hədiyyə olunur və bura aiddir”. 



İstanbulda yazılan Qurani-Kərim sərgilərdə də nümayiş etdirilib: “Bu "Qurani-Kərim" iştirak etdiyi tarixi sərgilərdə birinci və ikinci yerlərə layiq görülüb. Axund Mirzə Hənifə ilk dəfə Quranı məhz bu kitabla tədris edib. Müqəddəs kitabın ümumi çəkisi 25 kiloqramdır. Qeyd olunur ki, vərəqlərdəki çərçilər də daxil olmaqla, sözlərə istifadə olunan qızıl suyunun çəkisi 5 kiloqramdır. Onu da vurğulayım ki, bu "Qurani-Kərim"in 30 hissədən ibarət cüzləri olub. Onlar 1908-ci ildə məscidə gətirilib və buradan yoxa çıxıb. Bu günə qədər də o cüzlərdən xəbər-ətər yoxdur”.

103 il öncə yazılan "Qurani-Kərim"in hazırda restavrasiyaya ehtiyacı var: “Bu müqəddəs kitab 1908-ci ildən indiyədək öz orijinallığını qoruyub saxlayıb. Buna baxmayaraq məscidin bu kitabı restavrasiya olunmalıdır. Əgər bərpa işləri aparılmasa, o zaman kitabın vərəqləri öz keyfiyyətini itirəcək. Pandemiyadan öncə tarixi kitabların saxlanıldığı yerlərə müraciət etmişdik. Yaxın vaxtlarda baxacaqlarını bildirmişdilər. Lakin hazırkı dövrdə bu işlər dayandı. Ümidvarıq ki, yaxın dövrdə 103 illik tarixi olan müqəddəs kitabın restavrasiyası baş tutacaq”. 


Məscidin axundu Hacı Rəhim Murtuza Muxtarovun vəsiyyətindən söz açıb: “Muxtarov vəsiyyət etmişdi ki, onu tikdirdiyi məscidin həyətində dəfn etsinlər. Elə də oldu. 1920-ci ildə Əmircan qəbiristanlığında dəfn olunan Murtuza Muxtarovun nəşi 2003-cü ildə məscidin həyətinə gətirilərək burada dəfn edilir. O dövrdə məzarın yeni üslubda hazırlanmasını Xalq rəssamı Hacı Eldar Mikayılzadə öz üzərinə götürdü. Məzarın üzərində onun neft buruqları, məscidin eskizi və hazırda Səadət Sarayı kimi tanıdığımız şəxsi evi həkk olunub. Həmçinin, qəbrin üzərində bir ayə və bir hədis də yazılıb. Ayə ondan ibarətdir ki, Allah evlərini uca tutun və onları qoruyun. Hədisdə isə “Kim Allah evi tikərsə, Allah da onun axirət evini gözəl və abad edər””.

Hacı Rəhim Kərimov milyonçu ilə bağlı eşitdiyi maraqlı xatirələri də danışdı: “Murtuza Muxtarov hər gün Əmircandan Zabrat qəsəbəsindəki mədənlərinə qədər yolu piyada gedirmiş. Hər zaman işçiləri ilə yaxından maraqlanıb. Ağsaqqalar deyir ki, Murtuza Muxtarovun Balaəhməd adlı bir qardaşı olub. Milyonçu onu fəhlələrin üzərində başçı təyin edibmiş. Bir gün qardaşının fəhlələri qamçı ilə döydüyünü görür. Fəhlələrə yaxınlaşaraq niyə işləmədikıərini soruşub. Onlar da cavabında həqiqəti deməyib, xəstə olduqlarını bəhanə ediblər. Muxtarov isə "niyə düzünü demirsiz, mən aralıdan qardaşımın sizi döydüyünü gördüm. Daha sonra o, qardaşının əlindəki qamçını alıb fəhlələrə verərək deyib ki, indi siz onu vurun! Təbii ki, fəhlələr Murtuza Muxtarovun bu sözünə əməl eləməyib, ona "xozeyn, biz sizin qardaşınıza əl qaldıra bilmərik" deyiblər. Muxtarov isə cavabında  “Qoy, hər kəs bilsin ki, bizi milyonçu edən siz fəhlələrsiz” deyib.  

Murtuza Muxtarov 1920-ci ildə rus əsgərlərinin hücumuna məruz qalıb: “Onun geniş imkanları var idi. Onun bu imkanlarını əlindən almaq istəyiblər. Çünki Muxtarov qazandıqlarını xalqı üçün xərcləyib. Evinə edilən basqın zamanı Murtuza Muxtarov bir neçə rus əsgərini öldürüb. Daha sonra isə otağına çəkilərək silahı ilə özünü vurub”.

Hazırladı:
Fərid Şabanov
Hüseyn Həsənov
Teymur Məmmədov