Dərslərin gah onlayn, gah əyani keçirilməsinin FƏSADLARI
    • 17-02-2021, 19:17
    • 596

Dərslərin gah onlayn, gah əyani keçirilməsinin FƏSADLARI

Dünyada baş verən Covid-19 pandemiyası sözsüz ölkəmizə də həm sosial, həm də iqtisadi cəhətdən öz zərbələrini endirib və endirməyə davam edir. Covid-19 pandemiyası nəticəsində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdəndən biri də, Azərbaycan təhsilinin  öz 100 illik sistemini dəyişməyə məcbur olmasıdır. Bu dəyişmə nəticəsində əyani təhsildən onlayn təhsilə, virtual məktəbə keçid olundu. Bu keçid həm şagird- valideyn, həm də müəllim psixologiyasına öz təsirlərini müxtəlif cür göstərib və göstərməyə davam edir. Bu yazımızda danışılan keçidlərin məktəblilərdə yaratdığı psixoloji təsirlərdən söz açmaq istəyirəm. 

Mövzuya başlamamışdan əvvəl qeyd etmək istərdim ki, hər uşaq fərqli temprament tipinə, fərqli xarakter və psixologiyaya sahibdir. Yəni təhsil sistemində baş verən keçidlər hər uşağın psixologiyasına fərqli cür təsir göstərmək gücünə malikdir. Mən bunu iki yerə bölərək izah etmək istəyirəm:
  1. Virtual məktəbin, onlayn təhsilin yaxşı təsir etdiyi məktəblilər. Buraya daha çox özünə qapanıq, sosiallıqdan uzaq, qaynayıb-qarışmağı sevməyən uşaqları aid etmək olar. Evdən oturub, heç bir kontakt olmadan, jestlər və mimikalardan istifadə etmədən 5 dəqiqə ərzində dərslərin danışılıb tez təfil verilməsi bu uşaqlara yaxşı təsir edir.
  2. Onlayn təhsilin mənfi təsir etdiyi şagirdlərə isə, aktivliyi sevən, məktəbə getməyə, dostları ilə ünsiyyət qurmağı sevən, bir başa kontakt ilə sinif otağında dərs öyrənən uşaqları qeyd etmək olar. Bu tip uşaqlar virtual məktəbi sevmir, bu onlarda psixoloji aqressiya, diqqət dağınıqlığı və tədricən ünsiyyət azlığı nəticəsində tənbəlliyi formalaşdırır. 
Təhsil sistemində olan keçidlər illərdir Azərbaycan təhsil sisteminin qurduğu gedişata zərbə vurub. Bu keçidlərin daha dəqiq yekun nəticələrini demək üçün hələ çox tezdir. Gələcək nəsildə təhsildə baş verən dəyişikliklər nə kimi nəticələr doğuracaq bunu indidən qeyd etmək doğru olmaz. Amma əminliklə qeyd etmək olar ki, təhsildə baş verən keçidlər şagird psixologiyasında yaratdığı mənfiliklərlə daha çox yadda qalacaq. Virtual məktəb həmçinin məktəblilərdə adaptasiya ola bilməmək, diqqət dağınıqlığı, həvəssizlik kimi simptomları da yaradır. Real təhsil olmadığından uşaqlar dərslərə biganə yanaşır, diqqətini tam monitora, müəlliminə cəmləyə bilmir. Həmçinin keyfiyyət və nəticə baxımından virtual məktəbin gətirdiyi nəaliyyətlərdə zəiflik olduğuna görə, bu vəziyyət müəllim və valideyn psixologiyasına da öz təsirini göstərir. 

Şagird psixologiyasına təsir edən digər bir məqam kimi internetdə yaranan zəifliyi və bunun nəticəsində müəllimin şagirdlərdən dərsi dəfələrlə tələb etməsini misal göstərmək olar. Bu kimi hallar uşaqlarda səbrsizlik kimi mənfi faktorları üzə çıxarır. 

Onlayn təhsil prosesi ilə bağlı internetdə, sosial şəbəkələdə mütəlif videoçarxlar yayılır. Bu videoçarxlarda dərs zamanı uşağın diqqətini dərsə verməməsi, eyni anda başqa işlərlə məşğul olması, kənardan gələn səs-küylər, müdaxilələr və bunun kimi digər neqativ hallar online təhsilin uğursuzluğundan xəbər verir. Belə olan zaman müəllimlər də bilmirlər ki, uşaqlara dərs izah etsinlər, yoxsa kənardan olunan müdaxilələrə, səs-küyləri tənzimləsinlər. Təbii ki, bu kimi hallar dərsin keyfiyyətini son dərəcə aşağı endirir. 

Uzun illərdən bəri telefonun, planşetin, kompüter və televizorun uşaqlara olan mənfi təsirlərindən söhbət açılır və aşılanır. Lakin, indi ki, zamanda virtual məktəb ilə bağlı olaraq özümüz uşaqların əlinə bu cihazları veririk. Bu isə uşaqlarda fikir qarışıqlığına səbəb olur. 1-ci sinif şagirdinin maksimum diqqət müddəti 5-7 dəqiqə aralığındadır. Onlayn təhsilə giriş, ətrafdakı səs-küyü nizama, qaydaya salmaq özü elə 5-7 dəqiqədən çox vaxt tələb edir. Belə olan halda indiki birincilərin gələcək təhsil həyatları, əyani təhsil sisteminə olan adaptasiyaları sual altında qalır. 

Son günlərdə təhsil nazirinin yeni qərarına əsasən, Covid-19 virusuna yoluxmaların sayı azaldığına görə, onlayn təhsil yenidən əyani təhsillə əvəz edildi. Bu hər bir halda müsbətə doğru atılmış bir addımdır. Mövcud vəziyyətdə onlayn təhsilin uşaqların psixologiyasında və sağlamlığında (kompüter və planşet istifadəsi nəticəsində zehni yorğunluq) yaratdığı fəsadlar daha da dərinləşmədən bu qərarın alınması tam yerinə düşüb. Lakin, yenə də gələcək günlərdə təhsil sistemində hər hansı bir dəyişkənliyin olub-olmayacağı barədə bir söz demək üçün hələ tezdir. 

Əyani təhsilə keçid olunduqdan sonra uşaqları məktəbə, şagird yoldaşlarına və dərslərə adaptasiya etməkdə əsas rol müəllim və valideynlərin üzərinə düşür. 

Psixoloq Vüsalə Salamova