“Azərbaycan Qarabağda rus dilinin “ikinci dövlət dili” kimi tanınmasına SƏRT REAKSİYA verməlidir” - POLİTOLOQ
    • 18-02-2021, 12:42
    • 791

“Azərbaycan Qarabağda rus dilinin “ikinci dövlət dili” kimi tanınmasına SƏRT REAKSİYA verməlidir” - POLİTOLOQ

“Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması təxribat olmaqla yanaşı, uzaq gələcəyə hesablanmış hiyləgər gedişdir”.  

Bu fikirləri politoloq Elxan Şahinoğlu Qarabağ separatçılarının lideri Araik Arutunyanın Dağlıq Qarabağda rus dilinin dövlət dili kimi tanınması ilə bağlı fikirlərini News24.az-a şərh edərkən bildirib.

Politoloqun fikrincə, keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir. Ancaq bu, ermənilərə Rusiyanın vassalı olmağa mane olmur. Halbuki, Rusiyannın siyasi dairlərində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılmasına zəmin var: “Buna baxmayaraq, erməni separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq. Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək. 10 noyabrdan bu yana başda Azərbaycan prezidenti olmaqla cəmiyyətimizin rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualları və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdırlar. Misal üçün, rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardı. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir”.
 
Politoloq Şahin Cəfərli də hesab edir ki, Arayik Arutunyanın belə bir bəyanat verməkdə məqsədi Rusiyanın gözünə xoş görünmək və ona sığınmaqdan ibarətdir: 

“Müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra artıq Ermənistan hökumətinin və dövlətinin Dağlıq Qarabağdakı oyuncaq seperatçı rejimi qorumağa gücü və imkanı qalmayıb. Bu rejimi ancaq Rusiya mühafizə edə bilər. Ermənilərin də yeganə imkanı odur ki, müharibədən əvvəlki dövrdən fərqli olaraq, indi daha çox Rusiyaya sığınsınlar və rejim öz mövcudluğunu qoruyub saxlasın”.

Politoloqun fikrincə, Azərbaycan hökuməti qərara çox sərt reaksiya verməlidir: “Çünki provokativ addımdır. Dağlıq Qarabağda qondarma rejimin öz “mövcudluğunu” qorumağa cəhd etməsi belə yolverilməzdir. Rusiya sülhməramlı qüvvələri buna imkan verməməlidir. Sülhməramlılar Azərbaycan ərazisində fəaliyyət göstərirlər və dövlətimizin razılığı ilə buraya gəliblər. Bizim razılığımızla gəlib, ərazimizdə yerləşiblərsə, onlar Azərbaycan qanunvericiliyinin həmin ərazilərdə tədricən bərqərar olmasına şərait yaratmalıdılar. Təəssüf ki, Rusiya sülhməramlıları gələn andan etibarən bunun əksini müşahidə edirik. Onlar məhv olmaq ərəfəsində olan qondarma rejimin bərpası ilə məşğuldular. Bu da təbii ki, Azərbaycanın suverenliyinə tamamilə ziddir və ciddi təhlükə yaradır. Faktiki olaraq belə məlum olur ki, Rusiya istədiyi vaxt yenidən erməni seperatizmini qızışdırmaq üçün zəmin hazırlayır. Yəni gələcəkdə ehtiyac duyarsa, Azərbaycana təzyiq göstərmək üçün bu zəmini hazırlamaqla məşğuldur”. 

Bu məsələnin ötən il də gündəmə gəldiyini vurğulayan Şahin Cəfərli həmin zaman bu məsələ ilə bağlı Putinin mətbuat katibi Dmitri Peskova sual verildiyini də xatırlatdı: “Peskov bu suala qəribə cavab verib bildirmişdi ki, digər dövlətlərdə rus dilinin yayıılması və inkişafını dəstəkləyirlər. Konkret Qarabağın adını çəkməsə də, ümumi olaraq bu formada cavablamışdı. Peskov qəbul olunma ehtimalı olan bu qərarın qeyri-qanuni olduğunu demədi. Belə məlum olur ki, Rusiya buna heç də neqativ baxmır. Bu qərar sülhməramlılarının olduğu ərazidə qəbul olunursa, aydındır ki, seperatçı rejim hazırda Qarabağda Rusiyanın icazəsi olmadan qərarlar qəbul edə bilməz. Məlum qərar onların qondarma parlamentində qəbul olunacaqsa, təbii ki, burada Rusiyanın da iştirakı var. Rusiya qarşı çıxarsa, ermənilər bu qərarı heç vaxt qəbul edə bilməzlər”.
 
Siyasət şöbəsi