Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətin üstünlükləri... - ŞƏRH
    • 18-02-2021, 16:24
    • 549

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətin üstünlükləri... - ŞƏRH

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokolun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib. 

Qanun Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur. Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

News24.az bu qanunun mahiyyətini və Azərbaycana iqtisadi faydalarını öyrənmək üçün İqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

O bildirib ki, yeni qanuna əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib: 

“Artıq hər kəsin pasport almasına ehtiyac qalmayacaq. Yalnız şəxsiyyət vəsiqəsi ilə razılaşdırılmış ölkələrə səfər etmək mümkün olacaq. Azərbaycanla Türkiyə arasında belə bir imkanın yaradılması ilk növbədə iki ölkə arasında turizm, iqtisadi və ticarət səfərlərininin sürətlənməsinə təsir göstərəcək. Səfər xərcləri azalacaq. Azərbaycan aspektindən baxsaq, vətəndaşlarımız artıq daha rahat şəkildə səfər edəcəklər. Xüsusilə, Naxçıvan Muxtar Respublikasının vətəndaşları Türkiyəyə qısamüddətli səfərlər edib, daha aşağı qiymətlə məhsulları istehlak edə və ya ala bilərlər. Bu isə onların aylıq büdcələrinin daha normal şəkildə istifadəsinə imkan yarada bilər”. 


İqtisadçı vurğulayıb ki, məlum qanunun imzalanması mikro sahibkarların ticari proseslərdə iqtisadi imkanlarını artıracaq: “Bir nüansı da qeyd edim ki, bu qanundan sonra Azərbaycandan çıxan valyutanın həcmi arta bilər. Çünki səfər edən şəxslər valyuta aparıb xərcləyəcəklər. Ancaq Azərbaycan 10 milyon, Türkiyə isə 83 milyon nəfərdir. Yəni 83 milyonluq Türkiyə bazarı Azərbaycanın üzünə açılır. Onların növbəti dövrlərdə Azərbaycana edəcəyi səfər saylarında ciddi artımlar qeydə alınacaq. Türkiyə vətəndaşları Azərbaycanda xərcləmə baxımından orta göstəricisi olan turistlər hesab edilir. Bu qanun növbəti dövrlərdə  Azərbaycanda gəlmə turizminin sürətlənməsinə və inkişaf etməsinə təsir edəcək. Həmçinin, ölkəmizə valyuta axının yaranmasına, tədiyyə və xüsusilə, turizm sektoru üzrə xidmətlər balansında yarana biləcək əlavə risklərin sığortalanmasına şərait olacaq. Böyük ehtimal bəzi hallarda profisit yaranacaq”. 

Məhərrəm ƏLİYEV