7 ildən sonra 1000 qramlıq üçəm dünyaya gətirdi,– Neanotoloq bacıların xilasından danışdı - VİDEO
    • 22-10-2018, 22:00
    • 3 200

7 ildən sonra 1000 qramlıq üçəm dünyaya gətirdi,– Neanotoloq bacıların xilasından danışdı - VİDEO

Bakıda 29 həftəlik (7 aylıq) üçəm qız  uşaqları dünyaya gəlib. Medicina.az xəbər verir ki, bacılar 1030, 1050 və 1300 qr çəkidə olublar. 

Körpələr hazırda 34 həftəlikdirlər. Üçəmlərə erkən sepsis, geniş PDA diaqnozu qoyulub. Məlumat üçün bildirək ki, qızlar 7 il körpə yolu gözləyən və sonsuzluqdan əziyyət çəkən ailədə dünyaya gəliblər. 

Uşaqların dünyaya gəlib, sağ qalmasında böyük rol oynayan neonatoloq Aygün Rüstəmxanlı üçəmlərin səhhəti ilə bağlı  danışıb. 

O bildirib ki, qızlar ağır neonatal mərhələdən keçiblər: "7 il sonsuzluqdan sonra ağır hamiləlik və  ginekoloji anamnezli, 29 həftəlikdə uzun sürən susuz dövr, ciftin soyulması, doğum zamanı ağır asfiksiya ilə  doğulan 1030, 1050, 1300 qram üçəm bacıların diaqnozu: Erkən sepsis, geniş PDA - trombosit sayı 18-ə qədər enib, ilk gündə yüksək prokalsitonin və CRP. 

2-3-4-cü günlərində çox ciddi həyati təhlükə yaranmışdı. Ailənin məhdud maddi imkanları sıxıntı yaradırdı, A qrup sığorta şirkətinin həkim eksperti Xuraman xanımın köməyi ilə ailənin maddi dəstəklənməsi təmin edildi. Şəkildəki ağır solğun görünüş, müqayisədə az da olsa stabil olan vaxtlarıdır. Bu gün 34-cü həftəmiz bitir, hər hansı ciddi fəsadlar görünmür”. 

A.Rüstəmxanlının sözlərinə görə, hamilə qadın klinikaya ağır vəziyyətdə daxil olub: "Ginekoloq Arzu xanım və Tənzilə xanım axşam saatlarında məndən xanımı və körpələri qəbul edib-etməyəcəyimi soruşdular. Cavabım birmənalı olaraq "bəli” oldu. Klinikada uşaq ölümü olmaması üçün əlimdən gələni etsəm də, bu hamiləni qəbul etməklə özümü ciddi riskə atdığımı anlayırdım. Amma əks halda ananın həyatı təhlükəyə girir, körpələrinsə yaşamaq şansı daha da azalırdı. Odur ki, vaxt itirməməliydik. 
 
Uşaqların sağ qalma ehtimalı çox az idi. Dölyanı sular tam bitmiş, döl qişası 2-ci körpənin bədəninə yapışmışdı. Onun sağ qalması və bu gün də baş beyində qüsurun olmaması dəqiqələrin yox, saniyələrin məsələsi idi. Ginekoloq və anestezioloqun birgə operativ işi olmasaydı, pasiyent mənə gecikmiş şəkildə verilsəydi, bu gün sadəcə təəssüf edərdim”.

 Şöbə müdiri qeyd edib ki, uşaqların həyata bağlanmasında ananın da rolu danılmazdır: "Anaya dedik ki, "südüm yoxdur” bəhanəsini gətirməsin. İşin əsas hissəsi də budur. Körpələr bu günə kimi ana südüylə bəslənirlər”.

//Medicina.az