Yevlax sakini qonşusunu qətlə yetirdi
    • 21-02-2021, 15:46
    • 538

Yevlax sakini qonşusunu qətlə yetirdi

Fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun üzərində “odlu silah yarası” xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan News24.az-a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.