Qarabağda hadisələr yalnız bu halda ALOVLANA BİLƏR - ŞƏRH
    • 25-02-2021, 16:58
    • 491

Qarabağda hadisələr yalnız bu halda ALOVLANA BİLƏR - ŞƏRH

 “Ermənistan ordusunun müharibədən əvvəlki səviyyəsini bərpa etməsi üçün bir neçə ilə ehtiyac var”. 
 

Bu sözləri News24.az-a açıqlamasında Politoloq Şahin Cəfərli deyib.
 
Politoloq yaxın gələcəkdə yeni müharibə ehtimalını görmədiyini vurğulayıb: “Çünki ərazidə Rusiya sülhməramlıları mövcuddur. Rusiya sülhməramlı qüvvələrini buraya yeritməklə öz məqsədinə çatıb və yeni bir gərginliyin baş verməsini istəmir. Rusiyanın iradəsindən kənar baş verə biləcək hər hansı gərginlik, hərbi toqquşma və provikasiyalar mövqelərinin zəifləməsinə, digər regional və qlobal oyunçuların müdaxiləsinə səbəb ola bilər. Ən azından qarşıdakı 5 il müddətində Rusiyanın sabitliyin qorunub-saxlanılmasında maraqlı olduğunu deyə bilərik”. 
 
Şahin Cəfərlinin fikrincə, Rusiya proseslərin alovlanmasında o vaxt maraqlı ola bilər ki, Azərbaycan 5 ilin tamamında sülhməramlıların Qarabağı tərk etməsini istəsin: “Hesab edirəm ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətlərin pozulmasına səbəb ola biləcək addımlar atmayacaq. Digər tərəfdən isə biz bilirik ki, Ermənistanın hərbi əməliyyatları bərpa etməyə gücü də yoxdur. Müharibədə çox böyük zərbə alıblar. İstər canlı qüvvə, istərsə də texnika baxımından bunu deyə bilərik. Ermənistanın yeni müharibəyə başlaya bilməsi üçün öz itkilərini kompensasiya etməsi tələb olunur. Bu prosesə isə xeyli müddət lazımdır”.

Qeyd edək ki,  bu gün 15:00-da İrəvanın Azadlıq meydanında Vətənin Xilası Hərəkatının mitinqi baş tutub. Nikol Paşinyan isə 16:00-da Respublika meydanında mitinq keçirib.