Günbəzini mələklərin tikdiyi, kilsədən məscidə çevrilən AYASOFYA - FOTOLAR
    • 27-02-2021, 11:07
    • 450

Günbəzini mələklərin tikdiyi, kilsədən məscidə çevrilən AYASOFYA - FOTOLAR

İstanbula səfər edən elə bir turist yoxdur ki, keçmişdə kilsə, hazırda isə məscid kimi fəaliyyət göstərən Ayasofyanı ziyarət etməsin.

Ayasofyanın özünəməxsus ab-havası var. İllər boyu kilsə kimi ziyarət edilən bu məkandan azan səsinin ucalmasını eşitmək, hələ içəri daxil olarkən namaz qılan yerli əhali və xarici ölkələrin vətəndaşlarını görmək insana qəribə hisslər yaşadır. Vaxtilə bilet alıb ayaqqabı ilə girdiyim Ayasofyaya bu dəfə ayaqqabılarımı soyunub daxil oldum. 

Ayasofiyanın əzəmətli görünüşü valeh edirdi. Ətrafa boylanıb buranı ilk dəfə gəzirmiş kimi kəşf etmək istədim. Fotoapartımı əlimə alıb, buranın hər qarışını əbədiləşdirməyə çalışdım... 

Qəribə idi. Sanki İstanbul küçələrinin hay-küyündən bezən hər kəs burada sakitlik tapmışdı. Yerdə oturub kitab oxuyan, telefonda oyun oynayan, bir kənara çəkilib söhbət edən də vardı, sadəcə Ayasofyanın gözəlliyini seyr edib zövq alan da. 

Ziyarətim namaz saatı ilə üst-üstə düşmüşdü. Ötən ilin yay aylarında 86 il sonra burada ilk namazın qılınmasını internet vasitəsi ilə izləmişdim. Bunu canlı görmək isə daha həyəcanverici idi. 

Bura haqda müxtılif rəvayətlər var. Deyilənlərə görə,  Ayasofyanın qiblə qapıları Nuhun gəmisinin taxtalarından düzəldilib. Keçmişdə tacirlər əllərini bu qapıya sürtüb dua etmədən səyahətə çıxmazdılar.
 
Həmçinin Ayasofyanın cənub dəhlizlərindəki mərmər daşın Hz. İsa peyğəmbərin beşiyi olduğuna inanılır. Qadınlar yeni doğulmuş xəstə övladlarını buraya qoyaraq Allahdan şəfa istəyirmişlər. 
Nəfəs darlığından əziyyət çəkənlər isə sübh tezdən Ayasofyadakı quyudan üç dəfə acqarına su içsələr sağalacaqlarına inanırmışlar.

Başqa bir rəvayətə görə isə günbəzin ortasındakı qızıl topun altında yeddi sübh namazı qılan və dua edənlərin unutqanlıqdan qurtulacaqları deyilirdi. 

Hətta Həzrət-i Xızırın Ayasofyaya gələndə bu qızıl topun altında ibadət etdiyini də söylənilir. Buna görə də inanırmışlar ki, qırx gün sübh namazı qılanlar burada Həzrət Xızırla rastlaşacaqlar. 

Bir də deyirlər ki, tikinti zamanı günbəz bağlanmırmış. Bu zaman mələklər harca Məhəmməd peyğəmbərin tüpürcəyini gətiriblər ki, günbəz örtülə bilsin. 

Teymur Məmmədov
Fotolar müəllifə aiddir