“Erməni əsgərlər mülki paltarda Laçın dəhlizindən keçirilir” - POLİTOLOQ
    • 2-03-2021, 18:16
    • 466

“Erməni əsgərlər mülki paltarda Laçın dəhlizindən keçirilir” - POLİTOLOQ

Ermənistanda günlərdir əsgər valideynləri övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Əsgərlərin aparıldığı avtobusların qarşısı kəsilib, onlar geri qaytarılıb. Valideynlər deyir ki, Ermənistan Müdafiə Nazirliyi əsgərləri Qarabağa gizlin şəkildə keçirmək istəyir. 

Məsələni News24.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, ermənilərin Qarabağa əsgər göndərməsi faktı artıq sübut olunub: “Bununla bağlı konkret kəşfiyyat informasiyaları da mövcuddur. Bu haqda təkcə Ermənistan və Rusiya deyil, eyni zamanda, Azərbaycan xüsusi xidmət orqanlarının da artıq məlumatı var. Erməni əsgərlər mülki paltarda Laçın dəhlizindən keçirilir. 


Təbii ki, bu, Rusiya sülhməramlılarından gizli olan bir proses deyil. Çünki ciddi yoxlanış olduğu təqdirdə təxribatı üzə çıxarmaq və bu faktı təsdiq etmək o qədər də çətin olmaz. Belə çıxır ki, erməni yaraqlılarının Qarabağda varlığı və saylarının çoxalması Rusiyanın bölgədə, xüsusilə, Azərbaycanda və Qarabağda qaranlıq geosiyasi niyyətlərindən xəbər verir. Çünki erməni terrorçularının Qarabağda mövcudluğu Azərbaycana təzyiq etmək üçün istifadə ediləcək. Azərbaycanla Rusiya arasında hər hansı bir anlaşmazlıq olduğu təqdirdə, Rusiya məhz bu erməni yaraqlılarından istifadə edəcək. Biz bunu Qarabağ müharibəsi bitəndən sonra da müşahidə etdik. Hansı ki, bu terrorçuları və erməni yaraqlılarını Azərbaycanın azad etdiyi ərazilərə buraxan elə rus sülhməramlıları idi. Hesab edirəm ki, bugünkü proseslər də həmin hadisələrin tərkib hissəsidir.
 
Politoloq vurğulayıb ki, fransız diplomatların və jurnalistlərin guya Qarabağa buraxılmaması kimi görüntü yaradılır: “Başqa tərəfdən Azərbaycana təhlükə yarada biləcək erməni əsgərləri və terrorçuları silahları ilə birgə rus sülhməramlılarının gözü qarşısında Qarabağa buraxılır. Bu həmlənin arxasında təkcə Ermənistandakı revanşistlər deyil, həm də Rusiyanın geosiyasi niyyətləri dayanır. Azərbaycanın xüsusi xidmət orqanları və siyasi hakimiyyət çox həssas davranmalıdır. Yəni, bu yöndə Rusiyaya etibar etmək olmaz. Rusiya bütün zamanlarda anlaşdığı sənədə ilk xələf çıxan tərəf olub. Eyni prosesi biz bu gün Qarabağda yaşayırıq. Bunun nəticəsidir ki, Qarabağda seperatçı rejimin başçıları yeni, peşəkar ordunun yaradılmasından danışırlar. Bu gün Qarabağda gənclərin sayı minimumdur və onların hesabına peşəkar ordunun yaradılması mümkün deyil. Belə bir ordunun yaradılması və təchizati mütləq mənada Rusiyanın dəstəyilə həyata keçirilir. Döyüşə biləcək yaraqlılar Ermənistandan gəlməsə belə Qarabağdar ordu yaradılması real deyil. Rusiya Xocalıda yerləşən aeroportun açılmasına da ciddi-cəhd edir. Burada əsas məqsəd təkcə humanitar yüklərin Rusiyadan rahatlıqla Qarabağa daşınması məsələsi deyil. Çünki Xocalı Azərbaycanın nəzarətində olmadıqca, çox rahatlıqla Rusiyadan ağır hərbi təyyarələrlə yeni erməni ordusunun silahlandırılması və təchizatı üçün müasir silahlar gətirilə bilər. Hətta ağır hərbi yük təyyarələrinin Ermənistana silah daşıması ilə bağlı informasiyalar mövcuddur. Bu məlumatlara erməni və rus mediasında rast gəlmək olar. Bunlar ictimai rəyi aldatmaq üçün dezinformasiya kimi ortaya atılmayıb”.  
 
Natiq Miri Qarabağda yeni müharibə ehtimalına da aydınlıq gətirib: “Hadisələrin gedişi, xüsusilə, Ermənistanda mövcud olan siyasi böhran imkan vermir ki, irimiqyaslı yeni bir müharibə olsun. Çünki Ermənistanın buna potensialı yoxdur. Müharibə üçün mütləq mənada ən müasir müdafiə və hücum sistemləri, həmçinin, yeni texnikalar olmalıdır. Ermənistanın əlində olan zirehli texnikanın 80%-dən çoxu tamamilə məhv edilib və girov götürülüb. Eyni zamanda, havadan müdafiə sistemləri tamamilə məhv edilib. Havada dominantlıq bu gün Azərbaycanın əlindədir. Azərbaycanın isə əvvəl olan potensialının heç 10%-i belə istifadə edilməyib. Ancaq bununla belə Qarabağda müəyyən hərbi təxribatlar ola bilər. Belə olacağı təqdirdə yeni bir zəmin yaranacaq ki, Azərbaycan Xankəndi də daxil olmaqla ermənilərin yaşadığı bütün ərazilərdə anti-terror əməliyyatına başlasın. Əslində, bu addımın atılması üçün indi də zəmin var. Çünki 10 noyabr bəyanatına uyğun olaraq erməni yaraqlıları hələ də Qarabağdan çıxarılmayıb. 10 mindən artıq erməni terrorçuları Qarabağda qalmaqda davam edir. Çox maraqlıdır ki, Rusiya hələ də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Düşünürəm ki, bu, Rusiyanın qaranlıq niyyətlərindən və geosiyasi maraqlarından xəbər verir”. 
 
Siyasət şöbəsi