"Rezayi İranın Ermənistana dəstəyini ört-basdır edir” - ŞƏRH
    • 3-03-2021, 11:00
    • 326

"Rezayi İranın Ermənistana dəstəyini ört-basdır edir” - ŞƏRH

İran İslam Respublikasının Məsləhət Şurasının katibi, 1981-97-ci illərdə SEPAH-a komandanlıq edən Möhsün Rezayi Qarabağla bağlı açıqlama verib. O bildirib ki, “İran bütün gücü ilə Azərbaycanı və Dağlıq Qarabağı müdafiə edib. Minlərlə iranlı Azərbaycanı azad etmək üçün ölüblər. Bunun sübutunu Bakı qəbiristanlığında tapmaq olar. Rezayi daha sonra vurğulayıb ki, Azərbaycan təkcə qonşumuz deyil, biz iki ölkənin bir xalqıyıq. Biz və Azərbaycan xalqı – eyni din və mədəniyyətin xalqıyıq”.

Rezayinin fikirlərini News24.az-a şərh edən Qabil Hüseynli bildirib ki, İranın bizə azsaylı istisna dəstəyindən başqa heç bir yardımı olmayıb: “Müharibənin müəyyən nöqtələrində onlardan bir-iki partiya mərmi ala bildik. Ancaq pulsuz yox, ödənişli formada. Vaxtilə məcburi köçkünlərimizə müəyyən qədər yardım edilib. Ancaq müharibənin bütün dönəmlərində İran Ermənistana dəstək olub və demək olar ki, bir çox təminatını ödəyib. Xüsusilə, Qarabağ müharibəsi ərəfəsində Ermənistan ordusunu yanacaq və silahla təmin edirdilər. Rezayinin açıqlamaları isə Qarabağ döyüşləri dönəmində İranın Ermənistana göstərdiyi dəstəyi ört-basdır etmək niyyəti daşıyır”.