Mərhum pilot Rəşad Atakişiyevin xanımı şəhid Ülviyə MAHNI HƏSR ETDİ - VİDEO - FOTOLAR
    • 5-03-2021, 12:35
    • 3 210

Mərhum pilot Rəşad Atakişiyevin xanımı şəhid Ülviyə MAHNI HƏSR ETDİ - VİDEO - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ülvi Hacıyevə mahnı həsr olunub. 

News24.az xəbər verir ki, "Şəhidlik zirvəsi" adlanan mahnının sözləri Xalq şairi Vahid Əzizə, musiqisi Könül Hüseynovaya məxsusdur. Mahnını gənc ifaçı Atəş Qarayev oxuyub. 

K. Hüseynova yaratdığı əsər haqda bunları deyib: "Bu əsərin yaranma tarixi çox maraqlı hadisəylə uyğunlaşır. Mən şəhidimizin xalası qızı ilə tanışam. Elə müharibə dövründə o, Ülvinin görüntülərini paylaşırdı. Ona hər dəfə baxanda içimdə bir qürur hissi yaşanırdı. Müharibə bitdikdən sonra əsgərimizin ailəsinə dəhşətli xəbəri verdilər. Mən də Ülvinin ailəsi qədər onun şəhid olma xəbərinə çox pis oldum. Hətta həyat yoldaşımın axtarışlarının getdiyi o anları bir daha yaşadım. Ailəsi bir aya yaxın onun sağ qaldığını düşünürdü, amma elə deyilmiş. Bu hadisə həqiqətən də çox acıdır. Və bu əsəri məhz Ülviyə həsr etmək qərarına gəldim".


Musiqinin müəllifi Atəşin ifasından da danışıb: "Sanki mahnı öz ifaçısını gözləyirmiş. Bir müddət öncə Fidan xanım Hacıyeva mənə zəng edib dedi ki, bizim Vətən müharibəsində iştirak etmiş, Böyük teatrın solisti, çox istedadlı bir ifaçımız var. Atəş Qarayev şəhidlərimz barədə bir mahnı oxumaq istəyir. Bəlkə, səndə yaxşı bir vətənpərvər mahnı olar? Mən də dedim ki, bəli mənim elə bir əsərim var. Daha sonra Atəşlə görüşdük. Onunla qiyabı tanışlığımız olub. Atəşin döyüşlərdə olduğundan da xəbərsiz idim. Siz demə, Atəş elə Ülvi Hacıyevlə birgə döyüş yolu keçib. Bu həqiqətən də təsadüf idi. Mahnının kimə həsr olunduğunu biləndən sonra özü də çox təəccübləndi. Bu əsəri Atəşdən başqa heç kim oxuya bilməzdi. Çünki, Ülvi onun gözlərinin önündə şəhid olub".

Atəş Qarayev yaranan əməkdaşlıq barədə öz fikirlərini bölüşüb: "Döyüş bitdikdən sonra özümə söz verdim ki, şəhid qardaşlarım üçün bir mahnı ifa edəcəyəm. Şükür Allaha arzum gerçək oldu. Buna görə çox xoşbəxtəm. Könül xanımla əməkdaşlığımızdan çox böyük məmnunam. Mahnı çox təsirlidir. Onu ilk dəfə dinləyəndə müharibədə yaşadığımız bütün məqamlar gözümün qabağından keçdi. "Şəhidlik zirvəsi" adlı mahnımızı dinləyən hər kəs çox təsirlənir. Bu yaxınlarda mahnıya klip də çəkdirəcəyik".

Sevda Bayramova