Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir
    • 23-10-2018, 17:00
    • 948

Deputat: Enerji içkisi adlansa da, heç bir enerji vermir

Enerji içkisi adlansa da, onların heç biri orqanizmə enerji vermir, əksinə, hüceyrələrə nüfuz edərək enerji itkisinə səbəb olur.
Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, enerji içkiləri ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəllərində dünya bazarına çıxıb. 
“Bu içkilər son 30 ildə çox geniş yayılıb və demək olar ki, dünyanın yarısı ondan istifadə edir. Çox vaxt həmin içkilərin müsbət təsirləri barədə gənclər və yeniyetmələr arasında cəlbedici reklamlar, təbliğatlar və fikir mübadilələri aparılır. Mən bir həkim kimi birmənalı olaraq demək istəyirəm ki, bu içkilər olduqca zərərlidir”, - deyən millət vəkili bildirib ki, reklamlar vasitəsilə yorğunluğu aradan qaldırdığı, əhval-ruhiyyəni yüksəltdiyi söylənilən enerji içkilərinin tərkibində kofein, taurin və digər maddələr var. 
M. Quliyevin qeyd etdiyinə görə, bu içkilərin ən təhlükəli yanı isə aludəçilik yaratmasıdır:
“Bir gündə insan orqanizminin qəbul edə biləcəyi kofeinin miqdarı 400 milliqramdır. Bir banka enerji içkisində 150-200 milliqram kofein var. İki və daha çox banka enerji içkisi qəbulu normanı aşaraq, zəhərlənməyə səbəb ola bilər.
Enerji çkilərinin tərkibinə şəkər, saxaroza, qlükoza, dadlandırıcı və ətirli maddələr qatılır. Bu cür maddələrin həddən artıq qəbulu isə mədəaltı vəzdə problemlərə, qaraciyərin piylənməsinə, kökəlməyə, iştahasızlığa aparıb-çıxarır. Müəyyən müddətdən sonra şəkərli diabet və insulinə rezistentlik yaranır. Üstəlik, yuxu pozuntusu, əsəbilik və tez qıcıqlanma halları da meydana çıxır”.
M.Quliyev deyib ki, tibb elmi bütün dünyada sübut edib ki, həmin içkilərin ziyanı həddindən çoxdur:
“Onun insan psixikasına və əsəb sisteminə çox ciddi mənfi təsiri var. Ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər bu içkiləri qəbul edir və ilk vaxtlar onun səmərəsini görürlər. Bir müddət sonra isə bu insanlarda aqressiya hissi yaranır. Normal adam gündə həmin içkinin bir bankasını içdikdə, onun mənfi təsirini hiss etməyə bilər. Lakin bu davamlı olduqda orqanizmin ona tələbatı artır.
Enerji içkisinin təsirindən güclü damar tutması ola bilər ki, bu da infarkt və hətta ölümlə nəticələnər. Ona görə də qadağa və inzibati tədbirlərlə yanaşı, maarifləndirmə təbliğatı da aparılmalıdır”.
Dünyanın heç bir ölkəsində enerji içkilərinin satışına ciddi qadağaların olmadığını qeyd edən sədr müavini bildirib ki, bu içkilərin zəhər olduğunu da söyləmək olmaz:
“Amma onun orqanizm üçün xeyirli olduğunu demək düzgün deyil. Ümumi statistik nəticələrə əsasən, bu içkilərin zərəri sübut olunub. Onlar xüsusilə ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, nevroz xəstələrinə birmənalı olaraq zərərli təsir göstərir. Ancaq onun zərərli təsirini hiss edənədək içmək düzgün deyil”.
//oxu.az