Çərşənbələr bu il belə QEYD OLUNACAQ
    • 9-03-2021, 16:19
    • 606

Çərşənbələr bu il belə QEYD OLUNACAQ

Bu gün Novruz çərşənbələrindən üçüncüsünə qədəm qoyuruq. Xalq arasında ona "Yel", "Külək" və "Hava çərşənbəsi" də deyirlər.  Qədim inanclara görə, bu çərşənbə axşamında oyanan külək suyu və odu hərəkətə gətirir. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülür. 
Qeyd edək ki, hər il bu çərçənbə digərləri kimi xüsusi mərasimlərlə qeyd olunurdu. Amma mövcud pandemiya şəraiti onun ənənəvi təntənəli keçirilməsinə əngəl yaradır. Bəs, eləsə, biz pandemiya şəraitində bu günü necə qeyd edə bilərik?

Sualımızı folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı cavabladı.

News24.az-a açıqlamasında alim bildirib ki, mövcud pandemiya ilə bağlı insanlar çərşənbəni yalnız ailə üzvləri ilə birgə masa ətrafına toplaşmaqla qeyd edə bilərlər: "Pandemiya şəraitində insanlar çərşənbələr haqqında daha çox televiziya və mətbuatdan məlumat alıb mariflənməlidirlər. Mütləq şəkildə bu ənənələrimiz, adətlərimiz, gələnəklərimizlə bağlı təbliğat aparılmalıdır. Düzdür, insanların bir araya toplaşıb bayram keçirmələri, çərşənbə adətlərini yerinə yetirmələri çox gözəl və önəmli bir şeydir. Amma bunu pandemiya şəraitində həyata keçirmək olmaz. Xalqımız üçün çərşənbə günləri çox əziz olsa da, koronavirus bəlasını atlatmaq üçün qaydalara əməl etməliyik. İnşaallah, bu bəla üstümüzdən çəkiləndən sonra insanlar tonqal da qalayacaq, geniş süfrələr də açacaqlar. Novruzun çox gözəl ənənələri var. Küsülülər barışırır, tonqallar qalanır. Təəssüf ki, pandemiya bu il bəzi ənənələrimizi həyata keçirməyə mane olur. Amma dediyim kimi, Novruz bayramı ilə bağlı bütün məlumatlar və şənliklər televiziya, saytlar və sosial şəbəkə vasitəsilə təbliğ olunub  insanlara çatdırılmalıdır".

Sevda Bayramova