YAP-ın qurultayı yeni mərhələnin başlanğıcıdır- HÜSEYN PAŞAYEV
    • 9-03-2021, 17:51
    • 506

YAP-ın qurultayı yeni mərhələnin başlanğıcıdır- HÜSEYN PAŞAYEV

“Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcıdır. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması və digər məsələlərlə bağlı önəmli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsinin təsdiq edilməsi, partiyanın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması bu baxımdan xüsusi qeyd edilməlidir”. 

News24.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

 Onun sözlərinə görə, YAP-ın VI qurultayından keçən 3 il ərzində ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib: “Azərbaycanda parlament və prezident seçkiləri keçirilib, sosial-iqtisadi, hüquqi, siyasi islahatlar həyata keçirilib. Ən əsası, Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Beləliklə, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Yeni Azərbaycan Partiyası da ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verən ümumxalq partiyası kimi bu çağırışlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün növbəti islahatlara start verib. Partiyamızın VII qurultayını zəruri edən səbəblər sırasında bu amillər xüsusi vurğulanmalıdır”.

YAP Mətbuat Xidmətinin rəhbəri əlavə edib ki, yeni keyfiyyət dəyişiklikləri partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq. “Effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək. Altı siyası partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi isə partiyamızın yüksək nüfuzunun ifadəsi və məqsədyönlü fəaliyyətinin nəticəsidir. YAP yeni dövrdə ölkədə siyasi dialoq mühitinin gücləndirilməsində də mühüm rol oyanayacaq”,-deyən Hüseyn Paşayev vurğulayıb ki, bütövlükdə YAP-ın VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında önəmli hadisədir və ölkəmizin gələcək inkişafına müsbət təsir göstərəcək.