"Burda kasıba uyğun qiymət yoxdur" - 38 MANATA QOZ...- VİDEOREPORTAJ - FOTOLAR
    • 15-03-2021, 20:31
    • 946

"Burda kasıba uyğun qiymət yoxdur" - 38 MANATA QOZ...- VİDEOREPORTAJ - FOTOLAR

Novruz bayramı Azərbaycan xalqının ən çox sevdiyi və səbirsizliklə gözlədiyi bayramlardan ən birincisidir. Ona bahar bayramı da deyirlər. Sözsüz, baharın gəlişi də, bayram sözü də, elə bu sözün mahiyyəti də çox gözəldir. Hələ ki bu tarix boyu əsrlərdən bəri bizə gəlib çatan Novruz bayramıdırsa. Bayrama sayılı günlər qalmış bu xüsusi günə hazırlıq məsələsi də bizi düşündürən məqamlardan biri, bəlkə də birincisidir. Axı bu bayramın özəl xüsusiyyətləri var ki, biz bunu mütləq yerinə yetirməliyik. İstər Novruz bayramı üçün nəzərdə tutulan məxsusi şirniyyatlar, istərsə də bayram xonçasının hazırlanması vacibdir. Bayram həm maddi baxımdan daha varlı, həm də kasıb üçün elə eynidir - bu da Novruzdur. Bayramı qeyd etmək, hər kəsin haqqıdır. Elə bunu deyib yolumuzu bazarlardan salıb bayramqabağı mövcud qiymətlərlə maraqlandıq. 

38 manatlıq qoz, özü də Ordubad qozu... 


İlk olaraq bayram yarmarkasına üst tutduq. Burdakı qiymətlərlə tanış olduq. Novruz bayramı süfrəsinin əvəzolunmaz simvolu olan səməninin qiyməti ölçüsündən və formasından asılı olaraq 1 manatdan 10 manatadək dəyişir. Bununla yanaşı, 25, 30 və 35 manata bayram dekorlu səbətlər də müştərilərə təklif olunur. Novruz xonçasını sözsüz ki, çərəzlərsiz təsəvvür etmək mümkünsüzdür. Bu il çərəzlərin qiymətində də artım müşahidə olunur. Olduğumuz bayram yarmarkasında Ordubad qozunun bir kiloqramı 24 manata satışa çıxarılır. Ərzaq və meyvələrdə də təqribi 20 qəpik artım var. 


Yarmarkadan çıxıb, bir neçə marketə də baş çəkib, qiymətlərlə tanış olduq. Ölkənin ən iri supermarketlərin birində səməni 1 manatdan 6 manatadək satılır. Şəkərburanın dənəsi 90 qəpiyə, paxlavanın kilosu isə 12 manat 49 qəpiyə təklif olunur. Amma ən çox Ordubad qozunun qiyməti diqqətimizi çəkdi. Burda onun qiyməti nə az, nə çox düz 38 manat 49 qəpikdir. Bizə verilən məlumata görə bayram öncəsi bu marketdə endirim kompaniyaları həyata keçiriləcək. 


Digər marketlərdə də xüsusilə qozun qiymətində bahalaşma olduğu nəzərimizi cəlb elədi. Olduğumuz digər alış-veriş məkanında qozun bir kilosu 31 manat 49 qəpiyə satışa çıxarılıb. Müştərilər üçün qovrulmuş fıstığın bir kilosu 4 manat 90 qəpiyə, şabalıd 7 manat 29 qəpiyə, qabıqlı qoz 10 manat 99 qəpiyə, fındıq isə 8 manat 80 qəpiyə, qabıqlı badəm isə 6 manat 49 qəpiyə təqdim olunur. 


Heç nəyə baxmayaraq əhaliyə daim süfrələrinin bol olmasını və bayramı istədikləri kimi keçirmələrini arzulayırıq. Ruzunuz bol, süfrəniz bayram naz-nemətləri ilə dolu olsun. 

Daha ətraflı News24.az-ın videoreportajında:

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov